Yumurtalığın kistası
Yumurtalığın kistası – yumurtalığın xoşxassəli şişəbənzər törəməsidir. Sulu mövtəviyyatla dolu boşluq və ayaqcıqdan ibarət olub, sekretin toplanması hesabına ölcülərinin böyümə tendensiyasına malikdir. Yumurtalığın (follikulyar, sarı cismin kistası, endometroid və s.) və yumurtalıqların üstündə yerləşən artımın (paraovarial) kistalari ayırd edilir. Əksər hallarda simptomsuz inkişaf edir, lakin qarnın aşağı hissəsində ağrı və diskomfort hissi, aybaşı funksiyasının pozulması, dizurik pozğunluqlarla (sidik kisəsinin sıxılması zamanı) təzahür edə bilər. Kəskin qarın simptomatikası və peritonitə səbəb olan kistanın ayaqcığının burulması, kapsulun cırılması ilə ağırlaşa bilər.
Yumurtalığın kistası barədə ümumi məlumat
«Kista» (yunanca «kystis» – kisə, qovuqcuq) terminindən tibbdə orqanlarda yerləşən, kapsul və sulu möhtəviyyatdan ibarət, seliyin toplanması hesabına böyüyən patoloji proseslərin ifadə olunmasında istifadə olunur. Kista xoşxassəli törəmələrin ən çox rast gəlinən növü hesab olunur və demək olar ki, bütün orqan və toxumalarda: diş, böyrək, qaraciyər, süd vəziləri, mədəaltı və qalxanabənzər vəzilər, qadın və kişi cinsiyyət orqanları və digərlərində inkişaf edə bilər.
Yumurtalığın kistaları geniş yayılmış xəstəlik olub, adətən reproduktiv yaşlı qadınlarda müşahidə olunur: 30% hallarda müntəzəm, 50% hallarda isə pozulmuş aybaşı sikli olan xəstələrdə aşkarlanır. Menopauza dövründə yumurtalığın kistaları 6% qadınlarda qeyd olunur. «Yumurtalığın kistası» anlayışı bir-birindən quruluş, yaranma səbəbləri, gedişi və müalicə taktikası ilə fərqlənən şişəbənzər törəmələrin böyük bir qrupunu əhatə edir.
Yumurtalığın kistasının növləri
Yumurtalığın kistası vəzi toxumasının xoşxasəli törəmələrinə aiddir, adətən uzun müddət ərzində inkişaf edir, onların diametri 1 neçə millimetrlə 20sm arasında dəyişir, bəzən daha iri ölçülü kistalara rast gəlinir. Mənşəyinə və möhtəviyyatın xarakterinə əsasən yumurtalıq kistaları aşağıdakı növlərə bölünür:
- follikulyar
- sarı cismin kistası
- paraovarial
- endometroid
- dermoid
- musinoz
Follikulyar və sarı cismin kistaları funksional xarakterli törəmələrə aid olub, yumurtalıqda gedən siklik dəyişikliklər nəticəsində onun öz toxumasında inkişaf edir. Follikulyar kista partlamayan follikulun, sarı cismin kistası isə follikulun sorulmayan sarı cisminin yerində yaranır. Bu növ kistalar zamanı patoloji boşluqlar follikul və sarı cismin qişalarından əmələ gəlir. Onların yaranma mexanizminin əsasanı hormonal dəyişikliklər təşkil edir. Adətən follikulyar və sarı cismin kistaları sekretin sorulması və kistoz boşluğun çökməsi hesabına iri ölçülərə çatmadan öz-özünə itə bilir.
Paraovarial kistalar yumurtalıqların üstündə yerləşən artımlardan inkişaf edir, bu zaman yumurtalıq toxuması prosesə cəlb olunmur. Bu növ kistalar nəhəng ölçülərə qədər böyüyə bilir. Endometroid kistalar uşaqlığın selikli qişasının (endometriumun) hissəciklərinin yumurtalıq və digər orqanlarda (endometrioz) patoloji ocaq şəklində çoxalması zamanı yaranır. Yumurtalıqların endometroid kistalarının möhtəviyyatı köhnə qandan ibarət olur.
Yumurtalıqların musinoz kistaları əksər hallarda çoxkameralı, içərisi kistanın daxili selikli qişasının sintez etdiyi qatı seliklə (musinlə) dolu olur. Yumurtalıqların endometroid və musinoz kistaları yüksək dərəcəli maliznizasiya riskinə malikdir. Yumurtalıqların anadangəlmə kistalarına embrional rüşeymdən formalaşan dermoid kistalar aiddir. Onun tərkibində piy, saç, sümük, qığırdaq, diş və orqanizmin digər toxuma fraqmentləri izlənilir.
Yumurtalığın kistasının əlamətləri
Yumurtalıqların əksər kistaları uzun müddət gizli inkişaf edir və çox zaman profilaktik ginekoloji müayinə zamanı aşkarlanır. Bir sıra hallarda (ölçünün böyüməsi, ağırlaşmış gediş, hormonal sekresiya və s.) yumurtalıqların kistaları aşağıdakı əlamətlərlə özünü büruzə verir:
- qarnın aşağı hissəsində ağrılar
Ağrı ağırlaşmalarla: ayaqcığın burulması, kapsulun cırılması, qanaxma və ya kistanın irinləməsi ilə əlaqədar yarana bilər. Davamlı xarakterli sızıldayan ağrı kistanın böyüyərək, qonşu orqanları sıxması nəticəsində baş verir.
- Qarnın böyüməsi və asimmetriyası
Qarın çevrəsinin böyüməsi və onun asimmetriyası həm yumurtalığın kistasının iri ölçüləri, həm də assitlə (qarın boşluğunda mayenin toplanması) bağlı ola bilər.
- Orqan və damarların sıxılmasının əlamətləri
Yumurtalığın böyüyən kistası sidik kisəsi və ya bağırsağın aşağı şöbələrinə təzyiq göstərərək, dizurik pozğunluqlar və qəbizlik yaradır. Venoz damar kələflərinin sıxılması aşağı ətraf venalarının varikoz dəyişikliklərinə gətirib çıxarda bilər.
- Aybaşı siklinin pozulmaları
Yumurtalığın hormonal aktiv kistaları aybaşı siklinin pozğunluqlarına – qeyri-müntəzəm, gur və ya uzun müddətli aybaşı, asiklik uşaqlıq qanaxmalarına səbəb olur. Siş tərəfindən kişi cinsi hormonlarının sekresiyası zamanı səsin kobudlaşması, bədən və üzdə kişilərə xas tüklənmə (hirsutizm), klitorun böyüməsi ilə müşayiət olunan orqanizmin hiperandrogenizasiyası yarana bilər.
Yumurtalığın kistasının yaranma səbəbləri
Yumurtalığın kistaları müxtəlif amillərin təsirindən inkişaf edə bilər. Daha çox rast gəlinən yaranma səbəbləri aşağıdakılardır:
- Hormonal disfunksiya (erkən menarxe, follikulun yetişməsi və ovulyasiya proseslərinin pozulması)
- Yumurtalıqların iltihabı prosesləri
- Hipotireoz (qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi) və digər endokrin xəstəliklər
- Hamiləliyin cərrahi yolla pozulması: abort və mini-abortlar
Yumurtalığın kistasının ağırlaşmaları
Yumurtalıq kistalarının bəzi növləri öz-özünə geriyə inkişaf edə bilir, digər qismi iltihabəleyhinə və ya hormonal müalicəinin aparılmasını tələb edir, bir sıra hallarda isə ağır fəsadların qarşısını almaq üçün cərrahi müdaxilə aparılır. Yumurtalığın kistası maliqnizasiya riski ilə müşayiət olunur, xüsusən musinoz və endometroid kistaların xərçəngə çevrilmə ehtimalı daha yüksəkdir. Bu səbəbdən onkoproseslərin profilaktikası məqsədilə yumurtalıq kistalarının müalicəsində onların cərrahi yolla xaric edilməsi üsuluna üstünlük verilir.
Yumurtalığın kistası əksər hallarda ayaqcıqlı törəmə şəklində olur. Kistanın ayaqcığının burulması onun qan dövranının pozulması, nekroz və peritonit (peritonun iltihabı) əlamətləri ilə müşayiət olunur. Bu da «kəskin qarın» əlamətləri özünü büruzə verir: qarında kəskin ağrı, bədən hərarətinin 39°С-yə qədər yüksəlməsi, qusma, qarın divarı əzələlərinin gərginliyi. Kistanın uşaqlıq boruları və yumurtalıqla birlikdə burulması mümkündür. Belə hallarda təcili tibbi əməliyyat tələb olunur və cərrahi müdaxilənin həcmi haqqında qərar əməliyyat prosesində qəbul olunur.
Yumurtalıqların kistalarının bəzi növlərində kapsulun cırılması və möhtəviyyatın qarın boşluğuna tökülmə ehtimalı yüksəkdir. Yumurtalığın kistalarının digər ağırlaşmalarına törəmənin infeksiyalaşması və irinləməsi aiddir. Belə vəziyyətlərdə də təcili cərrahi tədbirlər görülməlidir. Yumurtalığın kistaları qadın sonsuzluğu və ya hamiləlik ağırlaşmalarına səbəb ola bilər. Yumurtalığın endometroid kistaları çox zaman kiçik çanaqda bitişmə proseslərinin inkişafına gətirib çıxardır.
Təcili hallar zamanı yumurtalığın kistasının planlı cərrahi müalicəsinin üstünlüyü tamamilə aydındır. Hal-hazırda cərrahi ginekologiyada əməliyyatın həcmi və aparılma üsulu baxımından orqan qoruyucu və az travmatik üsullara üstünlük verilir. Yumurtalığın kistasının xarıc edilməsi üzrə planlı əməliyatlar adətən laparoskopik yolla aparılır və orqan toxumaları maksimal dərəcədə qorunur.
Yumurtalığın kistasının diaqnostikası
Yumurtalığın kistasının diaqnostikasında aşağıdakı üsullardan istifadə olunur:
- Anamnestik məlumatlar və xəstənin şikayətlərinin toplanması
- Yumurtalıqlar nahiyəsində patoloji törəməni, onların hərəkətliyi və ağrılı olmasını aşkar edən bimanual (ikiəlli) ginekoloji müayinə
- Transabdominal və ya transvaginal ultrasəs diaqnostika. Bu müayinə üsulu ilə kiçik çanaq orqanlarının vəziyyətinin exoskopik şəkli əldə olunur. Hal-hazırda USM yumurtalığın kistasının diaqnostikası və onun inkişafının dinamik müşahidəsinin ən dəqiq və təhlükəsiz üsulu hesab edilir.
- Qarın boşluğunda ekssudat və ya qanın olmasını (adətən ağırlaşmış kistalarda) təyin edən uşaqlıq yolunun arxa tağının punksiyası
- Diaqnostik laparoskopiya. Bu metod həmçinin yumurtalığın kistasının xaric olunmasına, törəmənin histoloji müayinəsinə və şişin növünün son diaqnozuna imkan yaradır.
- Qanda yumurtalıq onkomarkerinin СА-125 təyini. Menopauza dövründə onkomarkerin yüksək səviyyəsi bütün hallarda kistanın maliqnizasiyasına dəlalət edir. Reproduktiv fazada isə onun konsentrasiyasının artması artımların iltihabı, endometrioz, yumurtalıqların sadə kistaları ilə də bağlı ola bilər.
- Kompüter və ya maqnit-rezonans tomoqrafiya (KT və ya MRT). Bu üsul vasitəsilə yumurtalıq kistasının yerləşməsi, ölçüləri, quruluşu, möhtəviyyatı və onun qonşu orqanlara görə vəziyyəti müəyyənləşdirilir.
- Uşaqlıqdan kənar hamiləliyi inkar edən hamiləlik testləri
Yumurtalığın kistasının müalicəsi
Yumurtalığın kistasının müalicə taktikası törəmənin xarakterindən, kliniki simptomların ağırlıq dərəcəsindən, xəstənin yaşından, onun reproduktiv planından, bədxassəli prosesin yaranma riskindən asılıdır. Gözləmə taktikası və konservativ müalicə funksional xarakterli və ağırlaşmamış gedişli yumurtalıq kistalarında icazəlidir. Adətən belə hallarda 2-3 aybaşı sikli ərzində mono-və ya ikifazalı oral kontraseptivlər, А, В1, В6, Е, С, К vitaminləri, homeopatik müalicə təyin olunur.
Bir sıra hallarda dietoterapiya, müalicəvi gimnastika, iynərefleksoterapiya, mineral sularla müalicə (balneoterapiya) göstəriş hesab olunur. Konservativ terapiya nəticə vermədikdə və ya yumurtalığın kistasının ölçülərinin böyüməsi zamanı cərrahi müdaxilə – törəmənin yumurtalığın sağlam toxumaları sərhəddində kəsilib çıxarılması və onun histoloji müayinəsi aparılmalıdır.
Son illər ərzində yumurtalıqların kistalarının cərrahi müalicəsində laparoskopiya üsulundan geniş istifadə olunur. Yumurtalıqlarda gedən prosesin bədxassəli olduğu aşkarlandıqda laparoskopiya deyil, şişin təcili histoloji müayinəsi ilə birgə aparılan laparotomiya (boşluqlu əməliyyat) icra edilir.
Yumurtalıqların kistaları zamanı aşağıdakı əməliyyatlar tətbiq olunur:
- Kistektomiya- kistanın xaric edilməsi və yumurtalığın sağlam toxumasının saxlanılması. Bu zaman kistanın kapsulu yatağından ayrılır, hemostaz icra edilir. Yumurtalıq toxumaları qorunub saxlanılır. Orqan bərpa olunduqdan sonra normal fəaliyyətini davam etdirir.
- Yumurtalığın pazvari rezeksiyası– yumurtalığın kistasının ətraf toxumalarla birgə kəsilməsi.
- Yumurtalığın tamamilə xaric edilməsi (ооforektomiya), çox zaman bu əməliyyat tubektomiya ilə birgə (uşaqlıq artımlarının çıxarılması – adneksektomiya) icra edilir.
- Yumurtalıq toxumasının biopsiyası. Bədxassəli şişə şübhə olduqda histoloji müayinə məqsədilə yumurtalıq toxumasından material götürülür.
Yumurtalıqların dermoid, musinoz, endometroid kistalarının müalicəsi yalnız cərrahi yolladır. Həmçinin şişəbənzər törəmənin ayaqcığının burulması və ya ölcülərinin artması ehtimalının yüksək olması ilə əlaqədar hamiləliyin planlaşdırılmasından əvvəl yumurtalığın kistası xaric edilməlidir. Kistanın erkən diaqnostikası və planlı əməliyyatın aparılması cərrahi müdaxilənin həcmini, sağalma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və xəstəliyin təhlükəli fəsadlarının qarşısını almağa imkan verir.
Cavan yaşlarda reproduktiv funksiyanın qorunması məqsədilə kistektomiya və ya sağlam toxumaların saxlanılması ilə aparılan rezeksiya icra edilir. Klimakterik dövrdə onkoloji proseslərin qarşısını almaq üçün genişlənmiş histerektomiya (panhisterektomiya) – uşaqlığın artımlarla birgə xaric edilməsi tətbiq olunur.
Yumurtalığın kistasının cərrahi yolla çıxarılmasından sonra bərpaedici terapiya kursu təyin olunur.
Ağırlaşmaların profilkatikası, reproduktiv funksiyanın qorunması məqsədilə yumurtalıqların kistaları vaxtında aşkarlanmalı və müalicə edilməlidir. Bu da ancaq qadının öz sağlamlığına savadlı və adekvat şəkildə yanaşması, həmçinin ildə 2 dəfə profilaktik ginekoloji müayinədən keçməklə mümkündür.
Yumurtalığın kistasının xaric olunmasından sonra proqnoz
Funksional xarakterli yumurtalıq kistaları aybaşı funksiyasının davam etdiyi müddətdə təkrar yarana bilər. Düzgün seçilmiş hormonal terapiya residivlərin qarşısının alınmasına kömək edir.
Eləcə də yumurtalıqların endometroid kistalarının residivləri mümkündür, lakin bu hal əməliyyatın aparılmasından və sonrakı müalicədən asılıdır. Dermoid kistalar residivləşmir. Yumurtalığın kistalarının xaric edilməsi və ya konservativ yolla sağalmasından sonra hamiləliyin baş verə bilər.