Düyünlü mastopatiya
Düyünlü mastopatiya – süd vəzisinin xoşxassəli dishormonal dəyişikliyi olub, düyün və kistaların yaranması ilə xarakterizə edilir. Xəstəlik süd vəzisində bərkimə, mastalgiya, aybaşıdan qabaq süd vəzilərinin bərkiməsi, gilədən ifrazatın axması ilə təzahür edir. Diaqnoz USM, mammoqrafiya, vəzi axacaqlarının müayinəsi, biopsiyanın nəticəsi əsasında qoyulur. Düyünlü mastopatiyanın müalicəsinə fon dəyişikliklərinin (iltihabi, endokrin, neyro-humoral) korreksiyası, sektoral rezeksiya və ya süd vəzi kistasının enukleasiyası daxildir.
Düyünlü mastopatiya barədə ümumi məlumat
Düyünlü mastopatiya (lokal adenomatoz) – süd vəzilərinin fibroz-kistoz xəstəliyinin ocaqlı formasıdır. Onkologiya və mammologiya mastopatiyanın bu formasını xərçəngönü xəstəlik kimi qiymətləndirirlər. Düyünlü mastopatiya süd vəzi xərçənginin yaranma ehtimalını yüksəldir. Düyünlər tək və ya çox sayda olub, bir və yaxud hər iki süd vəzisində aşkarlana bilər. Düyünlü törəmələr bir qayda olaraq, diffuz mastopatiyanın əlamətləri: dənəli struktur, ağrı, döş giləsindən ifrazat fonunda müəyyən edilir.
Düyünlü mastopatiyanın təsnifatı
Düyünlü mastopatiyanın klinik formalarına fibroadenoma, kista, axacaqdaxili papilloma, yarpaqşəkilli şişlər, lipoma, lipoqranuloma, angioma, hamartoma aiddir. Birləşdirici toxumanın öndə gedən dəyişikliklərini nəzərə almaqla, histoloji olaraq düyünlü mastopatiyanın fibroz-kistoz, fibroz və paycıqlı (vəzili) forması ayırd edilir. Düyünlü mastopatiya zamanı morfoloji dəyişikliklər iri kistoz boşluqlar, məməciyəbənzər törəmələr, epitel qatın ifadəli proliferasiyasından (çoxqatlılıq, polimorfluq, nüvənin böyüməsi, mitozların sayının artması və s.) ibarət olur.
Epitel toxumanın proliferativ dəyişikliklərinin ifadə dərəcəsinə görə düyünlü mastopatiya sadə və ya proliferativ formalara bölünür. Proliferativ düyünlü mastopatiya tez-tez maliqnizasiyaya uğradığından xərçəngönü vəziyyət hesab olunur.
Düyünlü mastopatiyanın yaranma səbəbləri
Düyünlü mastopatiyaya daha çox 35-45 yaşlarda rast gəlinir. Bu da qadın fiziologiyasının xüsusiyyətləri ilə bağlıdır. Reproduktiv dövrdə hər ay 2 əsas hormonun: progesteron və estrogenin təsirindən orqanizmdə siklik dəyişikliklər baş verir. Onlar aybaşı siklinin ikifazalı xarakterini təmin etməklə, süd vəzi toxumalarında müəyyən proseslərə səbəb olurlar.
Normada aybaşı siklinin birinci fazasında estrogenlər vəzilərdə proliferativ dəyişiklikləri stimulə edir; ikinci fazada isə antaqonist hormon – progesteronun təsirindən proliferasiya prosesləri tormozlanır. Bu hormonların disbalansı (progesteron çatışmazlığı və estrogenlərin çoxluğu) fonunda süd vəzi toxumalarının idarəolunmayan izafi proliferasiyası baş verir. Nəticədə əvvəlcə diffuz, onun ardınca isə düyünlü mastopatiya inkişaf edir.
Bəzən düyünlü mastopatiyanın inkişafının əsasında hipofiz hormonu prolaktinin həddindən artıq sekresiyası dayanır. Prolaktinin səviyyəsi adətən hamiləlik və laktasiya dövründə artaraq, ana südünün yaranmasına səbəb olur. Lakin bu hormonun hamiləlikdən kənar izafi sekresiyası düyünlü mastopatiyaya gətirib çıxara bilər.
Düyünlü mastopatiyanın inkişafına təkan verən hormonal disbalans tez-tez təkrarlanan süni abortlar, davamlı stress, nevroz, metabolik pozğunluqlar (şəkərli diabet, hipotireoz, piylənmə, xroniki hepatit), ginekoloji xəstəliklər (adneksit, endometrit) və s. nəticəsində baş verə bilər.
Düyünlü mastopatiyanın risk amillərinə aybaşının erkən başlanması və ya gecikmiş klimaks, 30 yaşa qədər hamiləlik və doğuşun olmaması, qısa və yaxud uzunmüddətli laktasiya dövrü, süd vəzisinin travmaları (məsələn, əzilməsi), zərərli vərdişlər, nəzarətsiz hormonal kontrasepsiya, bağırsaq disbakteriozu, irsi meyllik aiddir.
Düyünlü mastopatiyanın əlamətləri
Düyünlü mastopatiyanın təzahürləri süd vəzi toxumalarında dəri və döş giləsi ilə birləşməyən dəqiq sərhədlərə malik şişəbənzər bərkimələrlə xarakterizə olunur. Belə bərkimələr qadının özü tərəfindən aşkarlana bilər. Predmenstrual dövrdə bərkimələr və ümumilikdə süd vəzisi gərginləşir, ödemlə əlaqədar ölçüləri böyüyür və ağrılı olur. Ağrı çiyin və ya kürək nahiyəsinə yayıla bilər. Aybaşıönü ödem aradan qalxdıqdan sonra ağrı itir. Bəzən düyünlü mastopatiya zamanı heç bir ağrı hissiyyatı yaranmır, belə hallarda düyün təsadüfən aşkarlanır.
Düyünlü mastopatiya üçün mənfi Keniq simptomu (uzanıqlı vəziyyətdə süd vəzisinin düyünlərinin əllənməməsi) xarakterikdir. Xəstələrdə regionar limfa düyünləri böyümür. Mastopatiyanın düyünlü formasında süd vəzisini sıxdıqda damcı şəklində və ya şırnaqla şəffaf, sarı-qəhvəyi rəngli və yaxud qanlı axıntı müşahidə edilir.
Düyünlü mastopatiyanın diaqnostikası
Düyünlü mastopatiya ilə süd vəzi xərçənginin əlamətlərinin oxşarlığı klinik, rentgenoloji, exoqrafik, sitoloji və morfoloji üsullardan istifadə etməklə ətraflı müayinənin aparılmasını tələb edir.
Düyünlü mastopatiya zamanı palpasiya yolu ilə süd vəzisində bir və ya bir neçə bərkimə ocaqları müəyyən edilir. Bərkimələr dənəli, paycıqlı və ya hamar (süd vəzi kistasında) səthə malik ola bilər. Sonuncu halda düyünün üzərindən basdıqda sulu törəmələrə xas olan flüktuasiya izlənilir. Dəyişikliklərin axacaqdaxili lokalizasiyası zamanı giləətrafı sahəyə təzyiq etdikdə müxtəlif konsistensiya və rəngə malik maye ifraz olunur.
İcmal mammoqrafiya zamanı rentgenoqrammada həmcins tündləşmə sahələri, kistaların oval formalı kölgələri, kalsifikatlar, fibroz bağlar müşahidə oluna bilər. Düyünlü mastopatiyanın müxtəlif formaları müştərək şəkildə inkişaf etdikdə rentgenoloji şəkildə vəzinin quruluşunun dəyişməsi, fərqli ölçü və formaya malik çoxsaylı tünd və açıq rəngli sahələr, birləşdirici toxuma bağları, fibroadenoma və kistaların kölgələri aşkarlanır.
Süd vəzisində kistalara rast gəlindikdə əvvəlcə punksiya yolu ilə götürülən möhtəviyyatın sitoloji müayinəsi, sonra isə pnevmokistoqrafiya aparılır. Sonuncu üsulun köməyilə törəmənin tamamən boşalmasına nəzarət edilir, kistadaxili hiperplastik və şiş törəmələri üzə çıxarılır. Axacaqdaxili dəyişikliklərdən şübhələndikdə duktoqrafiya icra olunur. Axacaqların kontrastlaşdırılması zamanı onların deformasiyası və genişlənməsi, kalsium duzlarının toplanması, kistoz boşluqlar vizualizasiya edilir. Süd vəzilərinin ultrasəs müayinəsində törəmələrin lokalizasiyası, ölçüləri, vaskulyarizasiya və quruluşu (düyünlü, kistoz) barədə məlumat əldə edilir.
Onkopatologiyanın inkar olunması və düyünlü mastopatiyanın müalicə taktikasının seçilməsi məqsədilə süd vəzisinin punksion biopsiyası və hüceyrə materialının sitoloji müayinəsi yerinə yetirilir. Bundan əlavə düyünlü mastopatiya zamanı progesteron, estrogen, qalxanabənzər vəzi hormonları və qaraciyər fermentlərinin səviyyələrinin təyini, kiçik çanağın USM və ginekoloq-endokrinoloqun konsultasiyası göstəriş sayılır. Müayinə zamanı fibroadenoma aşkarlandıqda xəstə onkoloq-mammoloqun qəbuluna yönəldilir.
Düyünlü mastopatiyanın müalicəsi
Düyünlü mastopatiya zamanı konservativ müalicədən yalnız hormonal disbalansı və fon xəstəliklərini (ginekoloji, endokrin və s.) aradan qaldırmaq üçün istifadə olunur. Mastopatiyanın düyünlü formasının əsas müalicə üsulu cərrahi əməliyyatdır. Onun həcmi və xarakteri xəstəliyin formasından asılı olur. Süd vəzisinin kistası zamanı möhtəviyyatıb punksiya yolu ilə xaric edilməsi və kistanın sklerozlaşdırılması həyata keçirilir. Residiv hallarına rast gəlindikdə kistanın enukleasiyası icra olunur.
Fibroadenoma süd vəzisinin sektoral rezeksiyasına (şişin və vəzinin bir hissəsinin kəsilib götürülməsi) göstəriş hesab olunur. Biopsiyanın nəticələrinin xoşxassəliyinə şübhə yaranıqda, eləcə də düyünlər sürətlə böyüdükdə cərrahi müalicə tələb olunur. Çoxsaylı kista və ya düyünləri olan xəstələrdə süd vəzisinin radikal rezeksiyası və yaxud dərialtı mastektomiya aparıla bilər.
Düyünlü mastopatiyanın profilaktikası
Düyünlü mastopatiyanın profilaktik tədbirlərinə vaxtaşırı özünü müayinə, mammoloqun profilaktik baxışı, endokrin və iltihabi xəstəliklərin vaxtında müalicəsi, skrininq müayinələr (mammoqrafiya, süd vəzilərinin USM) daxildir.
Bundan əlavə təhrik edici amillərin aradan qaldırılması, pəhriz (kofein tərkibli məhsulların qəbulunun məhdudlaşdırılması, bitki tərkibli qida liflərinin istifadəsinin artırılması), fiziki aktivlik məsləhət görülür.
Düyünlü mastopatiya süd vəzisində gedən diffuz dəyişikliklərdən sonra inkişaf etdiyindən mastopatiyanın başlanğıc formalarının erkən və tam şəkildə terapiyası mütləqdir.