Hepatit В

Hepatit В (zərdab hepatiti) – qaraciyərin infeksion xəstəliyidir. Patologiya müxtəlif klinik variantlarda gedir (simptomsuz daşıyıcılıqdan qaraciyər parenximasının destruksiyasına qədər). Hepatit B xəstəliyində qaraciyər hüceyrələrinin zədələnməsi autoimmun xarakter daşıyır. Virusun yoluxma üçün kifayət edəcək konsentrasiyası yalnız xəstənin bioloji mayelərində olur. Bu səbəbdən hepatit B virusuna yoluxma travmatik prosedurlar (stomatoloji manipulyasiya, tatu, pirsinq, manikür, pedikür) aparılarkən; hemotransfuziya zamanı parenteral; eləcə də cinsi yolla mümkündür. Hepatit B-nin diaqnostikasında qanda HbsAg antigeninin və HbcIgM anticisminin aşkarlanması həlledici rol oynayır. Xəstələrə virusəleyhinə terapiya, pəhriz, dezintoksikasion və simptomatik müalicə təyin edilir.

Törədicinin xüsusiyyətləri

Hepatit B – Orthohepadnavirus ailəsinə məxsus DNT tərkibli virus tərəfindən törədilir. İnfeksiyalaşmış şəxslərin qanında morfoloji əlamətlərinə görə fərqlənən 3 tip virusa rast gəlinir. Virus hissəciklərinin sferik və sapşəkilli formaları virulentliyə malik olmur. Deyn hissəcikləri – mütəşəkkil quruluşlu, ikiqat, girdə viruslar isə infeksion xüsusiyyətləri ilə seçilir. Onların qanda populyasiyası nadir hallarda 7%-dən çox olur. Hepatit B virusu səthi (HbsAg) və 3 daxili antigendən (HBeAg, HBcAg и HbxAg)  ibarətdir.

Virusun xarici mühit şəraitinə dözümlülüyü yüksəkdir. Virus qan və onun preparatlarında illərlə həyat qabiliyyətini saxlayır. Otaq temperaturunda xəstənin qanına bulaşmış əşya, tibbi alət və paltar üzərində isə bir neçə ay yaşaya bilər. Avtoklavda 45 dəqiqə müddətində 120°С-də və ya quruducu şkafda 60 dəqiqə ərzində 180°С-də işlənildikdə virus inaktivləşir. Həmçinin hepatit B virusu kimyəvi dezinfeksiyaedici vasitələrin: xloramin, formalin, hidrogen peroksidin təsirindən məhv olur.

Hepatit B-nin mənbəyi və rezervuarı xəstə insan, eləcə də sağlam virusdayıcılarıdır. Hepatit B-yə tutulan insanın qanı hətta ilkin klinik əlamətlərin yaranmadıqda belə yoluxdurucu sayılır. 5-10% hallarda xroniki simptomsuz daşıyıcılıq inkişaf edir. Yoluxma müxtəlif bioloji mayelərlə (qan, sperma, sidik, tüpürcək, öd, göz yaşı, ana südü) təmas zamanı baş verir. Qan və spermada virusun konsentrasiyası yüksək olduğundan bu mayelər daha çox epidemioloji təhlükə daşıyır.

İnfeksiya əsasən parenteral yolla: qan köçürmə, qeyri-steril alətlərlə aparılan tibbi prosedurlar, travmatik proseslər (tatu və pirsinq, manikür, pedikür) zamanı ötürülür. Təmas-məişət yolu ilə yoluxma cinsi əlaqə vasitəsilə və ya fərdi gigiyena vasitələrindən birgə istifadə olunduqda reallaşır. Virus insan orqanizminə dəri örtükləri və selikli qişalarda olan mikroçatlardan nüfuz edir.

Vertikal ötürülmə yolu intranatal baş verir: normal hamiləlik zamanı virus plasentar baryerdən keçə bilmir. Lakin cift cırıldıqda döl infeksiyaya yoluxa bilər. Gələcək anada HbsAg ilə yanaşı HbeAg  aşkarlandıqda dölün yoluxma riski dəfələrlə yüksəlir.

Transfuzion ötürülmə zamanı hepatit 50-90% hallarda inkişaf edir. İnfeksiyalaşmadan sonra xəstəliyin yaranma ehtimalı törədicinin konsentrasiyasından və ümumi immunitetin vəziyyətindən asılıdır. Hepatit keçirən insanlarda davamlı, böyük ehtimalla ömürlük immunitet formalaşır.

Xəstələr arasında 15-30 yaşlı şəxslər üstünlük təşkil edir. Hepatit B-dən həyatını itirən insanların 80%-i narkomanlardır. Tibb işçiləri (cərrah, tibb bacısı, laborant, stomatoloq və s.) qanla bilavasitə təmasda olduqlarından risk qrupuna daxildir.

Əlamətləri

Yoluxma anı ilə klinik əlamətlərin inkişafına qədərki dövr 30-180 gün təşkil edə bilər. Əksər hallarda hepatit B-nin xroniki formasının inkubasion dövrünü qiymətləndirmək mümkün olmur. Kəskin forma çox vaxt hepatit A kimi başlayır. Lakin onun sarılıqönü dövrü artralgik, astenovegetativ və ya dispeptik sindromlarla gedə bilər.

Dispeptik sindrom iştahsızlıq (hətta anoreksiyaya qədər), davamlı ürəkbulanma, səbəbsiz qusma ilə səciyyələnir. Hepatit B-nin sarılıqönü dövrünün klinik gedişinin qripəbənzər forması üçün hərarətin yüksəlməsi, ümumi intoksikasion simptomatika (adətən kataral əlamətlərsız), artralgiyalar (oynaqlar vizual olaraq dəyişilmir) xarakterikdir. Oynaqda hərəkət ağrının müvəqqəti sönməsinə səbəb olur.

Bu dövrdə artralgiyanın övrə tipli səpkilərlə birgə rast gəlinməsi gələcəkdə xəstəliyin gedişinin ağır olacağından xəbər verir. Əksər hallarda belə simptomatika qızdırma ilə müşayiət edilir. Sarılıqönü fazada ifadəli halsızlıq, yuxululuq, başgicəllənmə, diş ətinin qanaması və burun qanaxmaları (hemorragik sindrom) müşahidə edilir.

Sarılığın meydana çıxması ilə xəstənin ümumi vəziyyəti yaxşılaşmır, əksinə əlamətlər daha da artır: dispepsiya, asteniya, hemorragiya güclənir. Qadınlarda hemorragik sindrom aybaşının erkən başlamasına və intensivliyinə təsir edə bilər. Xəstələr dəri qaşınmasından şikayət edirlər. Sarılıq mərhələsində artralgiya və ekzantema aradan qalxır. Dəri örtükləri və selikli qişalar saralır. Petexiyalar və girdə qansızmalar formalaşır. Sidik tündləşir, nəcis isə öz rəngini itirərək, ağarır. Qaraciyərin ölçüsü böyüyür, onun kənarı qabırğa qövsünün hüdudlarından çıxır. Qaraciyər palpasiyada ağrılı olur. Dəri örtüklərinin intensiv saralması fonunda qaraciyərin normal ölçüyə malik olması infeksiyanın ağır gedişinin xəbərdaredici əlamətidir.

50%-dən çox xəstələrdə hepatomeqaliya dalağın böyüməsi ilə müşayiət edilir. Ürək-damar sistemi tərəfindən bradikardiya və ya ağır formalarda taxikardiya, mülayim hipotoniya qeydə alınır. Ümumi vəziyyət apatiya, halsızlıq, başgicəllənmə, yuxusuzluqla xarakterizə olunur. Sarılıq mərhələsi 1 aydan çox davam edə bilər. Bu mərhələ rekonvalessensiya dövrü ilə əvvəz olunur: əvvəlcə dispeptik əlamətlər itir, sonra isə sarılığın simptomatikası tədricən geriyə inkişaf edir, bilirubin səviyyəsi normallaşır. Qaraciyərin ölcüsünün norma səviyyəsinə qayıtması üçün bir neçə ay tələb oluna bilər.

Xolestaza meyllik hallarında hepatit lənggedişli (torpid) xarakter alır. Belə vəziyyətlərdə intoksikasiya zəif ifadə olunur. Bilirubin səviyyəsi və qaraciyər fermentlərinin aktivliyi yüksək, nəcis axolik, sidik isə tünd rəngdə olur. Bədən temperaturu subfebril hüdudlarda saxlanılır.

5-10% hallarda hepatit B xroniki formada gedərək, qaraciyər sirrozunun inkişafına səbəb olur.

Ağırlaşmalar

Hepatit B virusunun ən ağır fəsadı yüksək letallıqla xarakterizə olunan kəskin qaraciyər çatışmazlığıdır (hepatargiya, qaraciyər koması). Hepatositlər kütləvi şəkildə məhv olduqda, qaraciyərin fəaliyyəti əhəmiyyətli dərəcədə pozulduqda ağır hemorragik sindrom inkişaf edir. Bu sindrom sitoliz nəticəsində ifraz olunan maddələrin mərkəzi sinir sisteminə toksiki təsiri ilə müşayiət olunur.

Qaraciyər ensefalopatiyası aşağıda qeyd olunan 3 mərhələdən keçməklə inkişaf edir:

  • Prekoma I: pasiyentin vəziyyəti kəskin dərəcədə pisləşir, sarılıq və dispepsiya (ürəkbulanma, çoxsaylı qusma) ağırlaşır. Hemorragik simptomatika yaranır. Ağızdan spesifik qaraciyər iyi (ürəkbulandırıcı şirin qoxu) gəlir. Məkan və zaman qavrayışı pozulur. Emosional labillik – apatiya və əzginliyin hiperoyanıqləq, eyforiya ilə əvəz olunması, həyacan hissi müşahidə edilir. Təfəkkürün zəifləməsi, yuxunun inversiyası (gecələr yuxuya gedə bilməmək, günortalar isə yuxulu olmaq) mümkündür. Bu mərhələdə kiçik motorika pozulur. Qaraciyər nahiyəsində ağrı meydana çıxır. Bədən temperaturu yüksəlir, nəbz qeyri-stabil olur.
  • Prekoma II: şüurun pozulması proqressivləşir. Əksər hallarda huş qaranlıqlaşır. Məkan və zamanda tam dezoriyentasiya qeydə alınır. Qısamüddətli eyforiya epizodları və aqressivlik apatiya ilə əvəzlənir. İntoksikasion və hemorragik sindromlar proqressivləşir. Bu mərhələdə ödemli-assit sindromunun əlamətləri meydana çıxır. Qaraciyər kiçilərək, qabırğalar altında gizlənir. Dil və ətrafların kiçik tremoru izlənilir. Prekoma mərhələsi bir neçə saatdan 1-2 günə qədər davam edə bilər. Bir müddətdən sonra nevroloji simptomatika güclənir (patoloji reflekslər, meningeal simptomlar, Kussmul, Çeyn-Stoks tipli tənəffüs) və qaraciyər koması formalaşır.
  • Terminal mərhələ – Huşun tormozlanması (stupor, sopor) və itməsi ilə səciyyələnir. Başlanğıcda reflekslər (buynuz qişa, udma) saxlanılır. Xəstələr intensiv qıcıqlandırıcılara (yüksək səs, ağrılı palpasiya) reaksiya verə bilər. Sonradan reflekslər itir – dərin koma yaranır. Ölüm kəskin ürək-damar çatışmazlığı nəticəsində baş verir.

Hepatit B xəstəliyinin ağır gedişə malik olduqda (ildırımsürətli koma), xüsusən hepatit D və C ilə birgə inkişaf etdikdə qaraciyər koması çox qısa zaman ərzində formalaşaraq, 90% hallarda ölümlə sonlanır. Kəskin qaraciyər ensefalopatiyası öz növbəsində ikincili infeksiyalaşmaya, sepsisə, eləcə də böyrək sindromuna  yaranmasına gətirib çıxarır. İntensiv hemorragik sindrom daxili qanaxma zamanı külli miqdarda qanitirməyə səbəb ola bilər. Xroniki hepatit B qaraciyər sirrozu ilə nəticələnir.

Diaqnostika

Diaqnoz qan zərdabında virus antigenlərinin, eləcə də onlara müvafiq immunoqlobulinlərin aşkarlanması yolu ilə təsdiqlənir. PZR-diaqnostikanın köməyilə virusun DNT-si müəyyən edilir, onun aktivlik dərəcəsi təyin olunur. Səthi antigenin HbsAg və anticisimlərin HbcIgM tapılması diaqnozun qoyulmasında həlledici rol oynayır. Seroloji diaqnostika İFA və İAR vasitəsilə aparılır.

Xəstəliyin dinamikasında qaraciyərin funksional vəziyyətini qiymətləndirmək üçün müntəzəm qaydada laborator müayinələr: qan və sidiyin biokimyəvi analizi, koaquloqramma, qaraciyər USM yerinə yetirilir. Protrombin indeksinin 40%-dən aşağı enməsi pasiyentin vəziyyətinin kritik olmasına işarə edir. Göstərişlər olduqda qaraciyərin biopsiyası aparılır.

Müalicə

Hepatit B virusunun kompleks müalicəsi 5№-li pəhriz, virusəleyhinə terapiya, patogenetik və simptomatik vasitələrin köməyilə icra olunur. Xəstəliyin kəskin fazası stasionar müalicəyə göstəriş sayılır. Virusəleyhinə terapiya interferonlarla (alfa-interferon daha effektivdir) ribavirinin birgə tətbiqinə əsaslanır.  Müalicə kursu və preparatların dozalanma qaydası fərdi qaydada müəyyənləşdirilir.

Köməkçi terapiya qismində dezintoksikasiyaedici məhlullardan (ağır hallarda dekstran, kristalloid məhlulların infuziyaları, zərurət yarandıqda kortikosteroidlər), su-duz balansını normallaşdıran vasitələrdən, kalium preparatlarından istifadə olunur. Öd yollarının və qaraciyərin damar şəbəkəsinin spazmını aradan qaldırmaq üçün drotaverin, eufillin təyin edilir. Xolestaz hallarında ursodezoksixol turşusu preparatları göstəriş sayılır. Ağır fəsadlar (qaraciyər ennsefalopatiyası) yarandıqda intensiv terapiya aparılır.

Proqnoz və profilaktika

Kəskin formalı hepatit B ildırımsürətli gediş istisna olmaqla, nadirən ölümlə nəticələnir. Qaraciyərin yanaşı gedən patologiyalarında, həmçinin hepatit C və D ilə birgə inkişaf zamanı proqnoz xeyli pisləşir. Ölüm bir neçə onillikdən sonra xroniki gediş, sirroz və qaraciyər xərçənginin inkişafı ilə əlaqədar baş verir.

Hepatit B-nin ümumi profilaktikasına qan köçürmə zamanı yoluxma riskinin azaldılmasına yönəldilən sanitar-epidemioloji tədbirlər, tibbi alətlərin sterilliyinə nəzarət və s. daxildir. Fərdi profilaktika tədbirlərinə gigiyena vasitələrinin (ülgüc, diş fırçası) fərdiləşdirilməsi, dəri örtüklərinin zədələnməsinin qarşısının alınması, təhlükəsiz cinsi əlaqə, narkotiklərdən imtina aiddir. Peşə fəaliyyəti ilə bağlı risk qrupuna daxil olan şəxslər peyvənd olunmalıdır. Hepatit B-yə qarşı peyvənddən sonra formalaşan immunitet təxminən 15 il ərzində saxlanılır.

error: Content is protected !!