Oftalmologiya

Oftalmologiya- göz alması və artımlarının (göz yaşı vəziləri, göz qapaqları, koyunktiva), həmçinin gözləri əhatə edən sümük və yumşaq toxuma strukturlarının patoloji vəziyyətini öyrənən sahəsidir. Göz xəstəliklərinin müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi və görmə funksiyasının qorunması və korreksiyası oftalmologiyanın əsas vəzifəsidir.

Oftalmologiyanın- uşaq oftalmologiyası, cərrahi və lazer oftalmologiya, oftalmotravmatologiya, oftalmoonkologiya kimi bir çox bölümü var.

Biz ətraf mühitdən informasiyanın 80%-ni gözlə alırıq. Görmə problemi və göz xəstəlikləri müasir dövrümüzdə sürətlə artan problemlərdəndir. Göz xəstəlikləri anadangəlmə və qazanılmış  ola bilər və istənilən yaş qrupunda özünü göstərə bilər. Erkən yaş dövrlərində görmənin zəifləməsi və ya itirilməsi uşaqlarda psixi inkişafın ləngiməsinə, nitq qabiliyyəti, fiziki aktivlik və cəmiyyətdə bir fərd kimi formalaşmasına mənfi təsir göstərə bilir.    

Anadangəlmə göz xəstəliklərinin ( yarımçıq doğulmuşların retinopatiyası, çəpgözlük, ambliopiya, qlaukoma, katarakta, yaxından və ya uzaqdan görmə və s) erkən diaqnostikası üçün yenidoğulmuşların, məktəbəqədər və məktəb yaşlı uşaqların skrininq müayinələrinə diqqətlə yanaşmaq lazımdır.

Qazanılmış göz xəstəlikləri ümumi və infeksion patologiyalarla əlaqədar inkişaf edə bilər. Bu patologiyalara şəkərli diabet, hipertoniya, atroskleroz, böyrək patologiyaları, bakterial infeksion ocaqlar, travmalar, A avitaminozu, nevroloji problemlər, hamiləlik dövründün patologiyaları və s. göstərmək olar.

Oftalmoloji problemlər arasında daha çox rast gəlinənləri- uzaqdangörmə, yaxındangörmə, astiqmatizm, presbiopiyadır. Görmə orqanının müxtəlif şöbələrinin iltihabi xəstəlikləri- konyunktivit, keratit, blefarit, iridosiklit, retinit, uveit, endoftalmit də geniş yayılmış xəstəliklərdəndir. Gözün zədələnmələri –yanıqlar, yad cismin düşməsi, mexaniki zədələnmələr daha təhlükəli patologiyalar hesab edilir.

Göz xəstəlikləri bəzən tədricən inkişaf tempinə malik ola, bəzən isə qəflətən yaranaraq görmənin kəskin zəifləməsinə səbəb ola abilər. Bu tip xəstəliklərə- görmə sinirinin atrofiyası və ya işemik neyropatiyası,torlu qişanın arteriya və venalarının okklüziyası, xorioretinal distrofiyanı misal göstərmək olar.

Oftalmologoya son illərdə tibbin sürətlə inkişaf edən sahələrindəndir. Göz xəstəliklərinin diaqnostikasında biometrik, ultrasəs, elektrofizioloji, rentgen, optik, laborator və digər geniş diapozonlu alətlərdən istifadə edilir. Göz xəstəliklərinin cərrahiyyəsində lazer üsulları müvəffəqiyyətlə tətbiq edilir və müasir dövrdə müdaxilələrin əksəriyyəti ambulator şəraitdə aparılır.

error: Content is protected !!