Onkomarkerlər

Onkomarkerlər– xərçəng hüceyrələri tərəfindən sintez olunan, xüsusi tərkibli (zülal, ferment, antigen, hormon) maddələrdir. Qanda və ya sidikdə bu spesifik maddələrin konsentrasiyasının təyini, erkən dövrdə bu və ya digər birincili onkoloji xəstəliklərin və ya bədxassəli törəmələrin residivlərinin qeyri-invaziv diaqnostikasına imkan verir. Onkoloji xəstəliklərin diaqnostikasında xüsusilə böyük əhəmiyyət kəsb edən onkomarkerlərə aiddir: CA 19-9 (mədə və mədəaltı vəzi xərçənginin markeri), CA 15-3 (süd vəzi xərçənginin markeri), CA 125 (yumurtalıqların xərçənginin markeri), PSA (prostat xərçənginin markeri), b-2 mikroqlobulin (limfoma və çoxsaylı limfoma markeri), CYFRA 21-1 (ağciyərlərin kiçik hüceyrəli olmayan xərçənginin markeri), AFP (qaraciyər xərçənginin markeri) və s. Onkomarkerlərin səviyyəsinin yüksəlməsi zamanı əlavə xərçəngi istisna etmək üçün əlavə instrumental müayinə üsulları tələb olunur.

CA 15-3 onkomarkeri- süd vəzi və axacaqlarının hüceyrələri tərəfindən sintez olunan antigenin qanda səviyyəsini təyin edən laborator müayinə üsuludur. Bu qlikoprotein süd vəzi karsinomasının onkoloji markeri hesab olunur. Qanda CA 15-3 təyini yüksək spesifik və həssas müayinə üsulu olub, ŞEA-nın (şiş-embrional antigen) yüksəlməsilə birgə müşahidə olunduqda, daha xarakteristik hesab olunur. Bu müayinələr süd vəzi xərçəngindən əziyyət çəkən pasiyentlərə nəzarət, residivlərin erkən diaqnostikası, şişin ölçülərinin qiymətləndirilməsi məqsədilə aparılır. Normal göstəricilər 25 kV/ml-dən yüksək olmamalıdır. Müayinə nəticələri 1 gün ərzində hazır olur.

CA 125 onkomarkeri- yumurtalıq xərçəngi markerinin miqdarının təyini üsuludur. Patologiyanın müşahidə olunmadığı hallarda bu qlikoproteinin səviyyəsi aşağı olur. Müayinənin qeyri spesifik olması, əlavə müayinə üsullarının da aparılmasını tələb edir. Adətən, yumurtalıq xərçəngi diaqnozunu qoymaq üçün kompleks laborator göstəricilər- ŞEA, CA 72-4, CA 15-3, HE 4 də müəyyən olunur. Alınan nəticələr yumurtalıq xərçənginin monitorinqi, residivlərin və metastazların mövcudluğunun erkən diaqnostikasını aparmağa imkan verir. Onkomarkerin normal konsentrasiyası 35 kV/ml-i keməməlidir. Müayinə nəticələri 1 gün ərzində hazır olur.

CA 19-9 onkomarkeri– mədə-bağırsaq traktının epitel hüceyrələri tərəfindən sintez olunan böyük molekulyar kütləyə malik qlikoproteindir. Həzm sistemi orqanlarının bədxassəli törəmələri zamanı qanda konsentrasiyası yüksəlir. CA 19-9-un qanda təyini digər onkomarkerlər və bilirubinlə paralel aparılır. Müayinədən onkologiya, hepatologiya, cərrahiyyədə mədəltı vəzi xərçənginin monitorinqi: törəmələrin yayılması, metastazların və residivlərin mövcudluğu, eləcə də mədə, yoğun bağırsaq, qaraciyər, öd kisəsi və axarlarının onkoloji xəstəliklərinə şübhə zamanı istifadə olunur. Müayinə üçün biomaterial venadan alınmış qandır. CA 19-9-un səviyyəsi immunohemilyuminessent analiz yolu ilə təyin olunur. Normal göstərici- 34 kV/ml-dəkdir. Müayinə nəticələri 1 gün ərzində hazır olur.

Ümumi PSA-testi- prostat vəzinin sekretində olan serin proteazanın qanda səviyyəsinin qiymətləndirilməsi testidir. Ümumi PSA-nın plazmada səviyyəsinin yüksəlməsi prostatın zədələnməsinin əlamətidir. Müayinə xərçəngin kompleks diaqnostikası çərçivəsində, ŞEA testi ilə paralel aparılır. Ümumi PSA-testindən onkologiya, urologiya, cərrahiyyədə prostatın patologiyalarının və xərçənginin təyini, eləcə də törəmənin vəzinin digər xəstəliklərindən differensiasiyası məqsədilə istifadə olunur. Prostat xərçəngi zamanı ümumi PSA analizi patologiyanın monitorinqi, müalicəyə reaksiyasının qiymətləndirilməsi zamanı göstərişdir. Müayinə üçün biomaterial venadan alınmış qandır və immunohemilyuminessent analiz yolu ilə təyin olunur. Normal göstərici- 4 nq/ml-dən aşağı olmalıdır. Müayinə nəticələri 1 gün ərzində hazır olur.

Sərbəst PSA-nın təyini– Prostat vəzi onkomarkerinin zülallarla birləşməmiş fraksiyasının qanda səviyyəsinin təyininə əsaslanan laborator testdir. Analiz prostatın kompleks müayinə üsulları çərçivəsində ümumi PSA, hormonal statusun təyini, spermoqramma və histoloji sınaqlarla paralel aparılır. Bu müayinədən onkoloji xəstəliklərin skrininqi, prostat xərçənginin diaqnostikası, xəstəliyin gedişinin monitorinqi və müalicənin effektivliyinə nəzarət məqsədilə aparılır. Müayinənin nəticələrindən onkologiya, urologiya və cərrahiyyədə yararlanılır. Sərbəst PSA testi üçün biomaterial venoz qan zərdabından alınır. Müayinə immunohemilyuminessent analiz yolu ilə aparılır. Normal göstəricilər- 10-25% aralığında götürülür. Müayinə nəticələri 1 gün ərzində hazır olur.

CYFRA 21-1– epitel toxumasının struktur zülalı olan sitokeratin-19 -un həll olan fraqmentidir və bədxassəli törəmələr zamanı sintezi dəfələrlə artmış olur. Plazmada CYFRA 21-1 testi onkologiya, pulmonologiya, qastroenterologiya, cərrahiyyədə digər xərçəng törəmələrinin laborator markerləri ilə birgə onkoloji skrininq məqsədilə aparılır. Nəticələr ağciyərlərin kiçik hüceyrəli olmayan xərçənginin, yoğun bağırsağın adenokarsinoması və süd vəzi xərçənginin proqnozu və müalicəsinə nəzarət zamanı mühüm əhəmiyyət kəsb edir. Testi üçün biomaterial venoz qan zərdabından alınır. Müayinə immunohemilyuminessent analiz yolu ilə aparılır. Normal göstərici 3,3 nq/ml-i keçmir. Nəticələr 1 gün ərzində hazır olur.

Alfa-fetoprotein (AFP) – hamiləlik dövründə dölün qaraciyəri və mədə-bağırsaq traktı tərəfindən, doğuşdan sonra isə zəif differensiasiya olunmuş törəmələr tərəfindən sintez olunur. AFP analizi 2 mühüm istiqamətdə: skrininq zamanı hamilələrdə dölün inkişaf monitorinqi və qaraciyər və cinsiyyət vəzilərinin bədxassəli törəmələrinin diaqnostikası zamanı təyin edilir. Nəticələr xəstəliyin diaqnostikası, dinamikanın izlənilməsi, hamiləlik zamanı isə- bətndaxili inkişaf patologiyasının aşkarlanmasına imkan yaradır. Müayinənin əsas təyinat sahəsi- onkologiya və ginekologiyadır. Biomaterial üçün, adətən qandan istifadə olunur. Müayinə immunohemilyuminessent analiz yolu ilə aparılır. Normal göstəricilər kişilərdə və hamilə olmayan qadınlarda 7,29 BV/ml-i keçmir. Nəticələr 1 gün ərzində hazır olur.

CA 242 onkomarkeri– böyük molekulyar kütləyə malik olan zülal olub, mədəaltı vəzinin axacaqlarının və yoğun bağırsağın epitelial hüceyrələri tərəfindən sintez olunur. Normada qanda aşkarlanmır və ya çox aşağı konsentrasiyada olur, lakin mədə-bağırsaq traktının bədxssəli törəmələri zamanı səviyyəsi yüksəlir. Nəticələrdən- onkologiya, cərrahiyyə və hepatologiyada istifadə olunur. Müayinə, mədəaltı vəzi, yoğun və düz bağırsaq xərçənginin erkən diaqnostikası və müalicəsinə nəzarət, eləcə də bu xəstəliklərin gedişinin monitorinqi, residivlərin zamanında aşkarlanması üçün aparılır. Müayinə üçün biomaterial venoz qandır və immunohemilyuminessent analiz yolu ilə təyin olunur. CA 242 onkomarkerinin normal göstəriciləri 20 kV/ml-i keçməməlidir. Nəticələr 7-9 iş günü ərzində hazır olur.

CA 72-4 antigeni– yüksək molekulyar kütləyə malik qlikoprotein olub, vəzili toxumaların bədxassəli törəmələri tərəfindən sintez olunur və normada, demək olar ki, aşkarlanmır. CA 72-4 antigeninin konsentrasiyası digər onkomarkerlərlə birgə təyin olunur. Müayinə onkologiya, cərrahiyyə və ginekologiyada kliniki əhəmiyyətə malikdir. Müayinə nəticəsindən mədə xərçənginin, yumurtalıqların musinoz xərçənginin müalicəsinin effektivliyini və xəstəliyin ağırlıq dərəcəsini təyin etmək, bu orqanalrın xoş və badxassəli törəmələrinin differensiasiyası, residivlərin təyini üçün istifadə olunur. Müayinə üçün biomaterial venoz qandır və immunohemilyuminessent analiz yolu ilə təyin olunur. Normal göstərici 6,9 kV/ml-dəkdir. Nəticə 1 gün ərzində hazır olur.

S-100 zülalları- kiçikmolekullu protein olub, hüceyrələrin bölünməsi, transkripsiyası, böyüməsində iştirak edir. Sinir toxumasının məhvi və hematoensefalitik baryerin zədələnməsi zamanı qanda konsentrasiyası artır. Qanda S-100 zülalı neyrospesifik enolaza, ümumi laktatdehidrogenaza, ağciyər, süd vəzi, yoğun bağırsağın onkomarkerləri ilə birgə təyin olunur. Müayinə onkologiya, nevrologiya və kardiologiyada böyük əhəmiyyətə malikdir. Müayinədən melanomanın, kəllə-beyin travmalarının, neyrodegenerativ patologiyaların, ürək çatışmazlığının və işemiyanın, autoimmun xəstəliklərin monitorinqi və müalicənin effektivliyinə nəzarət məqsədilə istifadə olunur. Müayinə üçün biomaterial venoz qandır və immunoanaliz yolu ilə təyin olunur. Referans dəyərləri 0,15 mkq/l-i keçməməlidir. Nəticə 1 gün ərzində hazır olur.

Beta-2-mikroqlobulin– onkohematoloji marker və böyrək kanalcıqlarının zədələnməsinin laborator göstəricisidir. Qan xərçənginin monitorinqi və müalicəsinə nəzarət, böyrəyin kanalcıq və yumaqcıq zədələnmələrinin differensiasiyası məqsədilə aparılır. Çoxsaylı mieloma, bədxassəli limfomalar, leykemiya, böyrək xəstəlikləri zamanı göstərişdir. Zülalın səviyyəsi venoz qanda və səhər sidiyində təyin olunur. Müayinə immunohemilyuminessent analiz yolu ilə aparılır. Normal göstərici plazma üçün 670-2329 nq/ml, sidik üçün isə 0-300 nq/ml təşkil edir. Nəticələr 1-4 iş günü ərzində hazır olur.

Mutsinəbənzər assosiasiya olunmuş antigen– bəd xassəli törəmələrin inkişafı zamanı süd vəzisinin toxumaları tərəfindən böyük həcmdə sintez olunan zülaldır. Süd vəzinin epitelial xərçənginin proqressivləşməsinin monitorinqi, residivlərin və metastazların erkən aşkarlanması, müalicə tədbirlərinin effektivliyinin qiymətləndirilməsi məqsədilə təyin olunur. Biomaterial üçün dirsək venasından alınmış qan götürülür. İmmunoferment yolu ilə aparılır. Referans dəyərlləri-0-30 kV/ml-dir. Nəticələr 6-8 iş günü ərzində hazır olur.

ROMA indeksi– CA 125, HE4 onkomarkerlərin nibətinə əsasən hesablanır. Yumurtalıqların epitelial xərçənginin inkişaf riskini aşkar etmək üçün təyin olunur. Ginekoloji baxış, kiçik çanağın USM-i zamanı naməlum etiologiyalı törəmələrin aşkarlanması zamanı göstərişdir. Müayinə üçün biomaterial venoz qandır və immunohemilyuminessent analiz yolu ilə təyin olunur. Normada, koeffisient dəyərlər premenopauza dövründə 7,4%-i, postmenopauza dönəmində isə 25,5%-i keçməməlidir. Nəticə 1 gün ərzində hazır olur.

E7 onkozülalı– insan papillomavirusunun Tip 16 və 18 növlərilə zədələnmə fonunda uşaqlıq boynu xərçənginin yaranma riskini aşkarlamaq üçün təyin olunur. Analiz skrininq təhlillər çərçivəsində, İPV (16,18) daşıyıcılarında onkoloji törəmələrin yaranma riskini aşkar etmək üçün tətbiq olunur. Biomaterial olaraq boyun və ya servikal yaxma istifadə olunur. Müayinə immunoferment üsulu ilə aparılır. Normal nəticə mənfidir, materialda zülal aşkarlanmamalıdır. Müayinə nəticələri 2-6 günə hazır olur.

Törəmə M2-piruvatkinazası- proliferativ, eləcə də şiş törəmələrinin həyat mübadiləsi fermenti olan onkomarkerdir. Onun nəcisdə miqdarının təyini mədə-bağırsaq traktı törəmələrinin: düz bağırsaq, köndələn və kor bağırsaq xərçəngi, metastazların erkən diaqnostikası və monitorinqi məqsədilə aparılır. Analiz 50 yaşdan yuxarı və risk qrupuna daxil olan- qeyri-spesifik xoralı kolit, displastik poliplər, irsi meyillik olan və eləcə də, MBT onkopatologiyası şikayətləri- çəki itkisi, iştahasızlıq, anemiya, qəbizlik, diareya olan şəxslər arasında aparılır. Müayinə İFA yolu ilə aprılır. Normal göstəricilər 4 BV/ml-i keçməməlidir. Müayinə nəticələri 10 günə hazır olur.

Proqastrin-rilizinq peptid (Pro-GRP)– Ağciyərlərin kiçikhüceyrəli xərçəngi zamanı sintez olunan hormondur. Müayinə xarakterik şikayətlərin- xroniki öskürək, qanhayxırma, sinədə ağrılar, residivləşən pnevmoniyalar, təngnəfəslik, üzün ödemli olması, titrətmə, eləcə də, instrumental müayinələr zamanı aşkarlanan naməlum etiologiyalı törəmələrin diaqnostikası məqsədilə təyin olunur. Diaqnoz qoyulmuş pasiyentlərdə isə aparılmış müalicə tədbirlərinin effektivliyinə nəzarət və residivlərin erkən aşkarlanması məqsədilə göstərişdir. Müayinə üçün material venoz qandan götürülür və İHLA üsulu ilə aparılır. Testin normal dəyərləri 63 pq/ml-dən çox olmamalıdır. Nəticələr 2-3 günə hazır olur.

Qanda şiş-embrional antigeni (ŞEA)-qan plazmasında xərçəngin toxuma markerinin təyini. ŞEA müayinəsi SCCA, NSE, AFP və digər onkomarkerlərlə birgə, bədxassəli törəmələrin kompleks müayinəsi zamanı aparılır. Onklogiya, qastroenterologiya, cərrahiyədə geniş tətbiq olunur. Mədə, bağırsaqlar, mədəaltı vəzi, süd vəziləri, ağciyərlər, yumurtalıqlarda bədxassəli törəmələrin və eləcə də, sümük toxuması və qaraciyərdə metastazların erkən diaqnostikası məqsədilə təyin olunur. Müayinə İHLA üsulu ilə aparılır, biomaterial olaraq venoz qandan istifadə olunur. Siqaret çəkməyən əhalinin 99%-də ŞEA-nın normal dəyərləri 50 nq/ml-i keçməməlidir. Nəticələr 1 günə hazır olur.

Xromoqranin A- neyroendokrin hüceyrələrin polipeptididir. Onun plazmadakı səviyyəsi mədə-bağırsaq sistemi və daxili sekresiya vəzilərinin törəmələri zamanı qeyri-spesifik marker kimi qiymətləndirilir. Analizdən feoxromasitoma, insulinoma, qalxanvari vəzinin medullyar karsinomasının monitorinqi və diaqnostikası zamanı kompleks müayinə tədbirlərilə birgə istifadə olunur. Nəticələr- diaqnozun qoyulması, residiv və metastazların aşkarlanması, müalicənin effektivliyinin təyini üçün böyük əhəmiyyət kəsb edir. Müayinə İFA yolu ilə aparılır və biomaterial olaraq venoz qandan istifadə olunur. Normal göstəricilər 100mkq/l-dən az olmalıdır. Müayinə müddəti 4 gündür.

Bone TRAP (sümük metastazları markeri)- ferment olub, çoxnüvəli qiqant sümük hüceyrələri tərəfindən sintez olunur və onların dağılması fonunda sintezi artır. Skeletin osteoporotik dəyişiklikləri, sümük toxumasına metastazlar zamanı müayinə olunur. Süd vəzi və prostatın xərçəngi zamanı metastazların erkən aşkarlanması, vaxtında müalicə tədbirlərinin həyata keçirilməsi və xəstəliyin proqnozunu dəqiqləşdirmək üçün göstərişdir. Müayinə üçün venoz qandan istifadə olunur. Onkomarker immunoferment üsulu ilə təyin olunur. Menopauza dövrünədək qadınlarda referans dəyərləri 1,03-4,15 BV/l, postmenopauzal dövrdə isə 4,89 BV/l-dir; kişilərdə 1,5-4,7 BV/l-dir. Müayinə nəticələri 20-24 gün təşkil edir.

HE4 (insan epididimisinin 4 sekretor zülalı)– respirator və reproduktiv sistemin epitel hüceyrələri tərəfindən sintez olunana plazma zülalıdır. Endometrium və yumurtalıqların bədxassəli törəmlərinin markeri hesab olunur. Müayinə xərçəngin diaqnostikası, bədxassəli törəmələrin differensiasiyası məqsədilə aparılır. CA125 testinin mənfi olduğu hallarda müalicənin effektivliyini izləmək, residivlərin aşkarlanması məqsədilə təyin olunur. Müayinə üçün material dirsək venasından götürülür. Müayinə İHLA üsulu ilə aparılır. Premenopauza dövründə olan qadınlar üçün norma <70 pmol/l, postmenopauza dövründə isə <140 pmol/l olur. Nəticələr 1 günə hazır olur.

Neyrospesifik enolaza (NSE)– enolaza fermentinin qlikolitik alfa-qamma və qamma-qamma izoformaları neyroendokrin törəmələrin markeri hesab olunur. Plazmada NSE-nin səviyyəsi hormonlar və onların parçalanma məhsulları və digər onkomarkerlərlə birgə yoxlanılır. Müayinədən onkologiya və neyrəcərrahi praktikada geniş istifadə olunur. Müayinə nəticələrinə əsasən neyroendokrin bədxassəli törəmələrin, kiçik hüceyrəli ağciyər və diffuz endokrin sistem (APUD) şişlərinin monitorinqi və differensial diaqnostikası aparılır. Müayinə üçün venoz qandan istifadə edilir. Neyrospesifik enolazanın konsentrasiyası immunoferment yolla təyin olunur. Normal göstəricilər 16,3 nq/ml-i keçmir. Nəticələr 1 günə hazır olur.

Yastı hüceyrəli xərçəng antigeni (SCC)– yaxtı hüceyrəli karsinoma tərəfindən sintez olunan və onun markeri rolunu oynayan zülaldır. Plazmada SCC-nin miqdarı NSE, CYFRA 211 və digər onkomarkerklərlə, eləcə də qanın ümumi analizi və servikal yaxmanın sitoloji müayinəsilə bərabər təyin olunur. Müayinədən onkologiya, dermatologiya və ginekologiyada geniş istifadə olunur. Nəticələr uşaqlıq boynu, qida borusu, ağciyərlər və digər orqanların yastı hüceyrəli karsinomasının diaqnozu, monitorinqi, proqnozu və müalicənin effektivliyinin qiymətləndirilməsində böyük əhəmiyyət kəsb edir. Müayinə İHLA yolu ilə aparılır və biomaterial olaraq venoz qandan istifadə olunur. Norma <1,5 nq/ml olmalıdır. Müayinə müddəti 5 iş günüdür.

Sidik kisəsi xərçənginin antigeni (UBC) – hüceyrə epitelinin struktur elementlərinin aralıq mikrofilamentləri olan 8 və 18-ci sitokeratinlərin həll olan fraqmentləridir. Müayinə sidikdə antigenin kəmiyyət göstəricilərinə əsaslanır. Onkologiya və urologiyada, kompleks sitoloji müayinələr və sidiyin ümumi analizi ilə eyni vaxtda aparılır. Sidik kisəsi xərçənginin diaqnozu, monitorinqi, residivlərin aşkarlanması və müalicənin effektivliyini qiymətləndirmək üçün kompleks müayinə tədbirlərinə daxildir. Müayinə üçün biomaterial -sidik kisəsində ən azı 3 saat qalmış sidiyin orta porsiyası hesab olunur. Müayinə İHLA yolu ilə aparılır. Referans dəyərləri <12 mkq/l-dir. Müayinə nəticələri 7 günə hazır olur.

Sidikdə Bens-Conson zülalı– monoklonal qammapatiyalar zamanı plazmatik hüceyrələr tərəfindən sintez olunan immunoqlobulin zəncirindən ibarətdir. Müayinə mieloma xəstəliyinin erkən aşkarlanması və müalicəsinin monitorinqi məqsədilə aparılır. Çoxsaylı mielomalar zamanı, xüsusilə də plazmada monoklonal immunoqlobulinin mənfi göstəriciləri zamanı təyin olunur. Biomaterial kimi səhər sidiyi və ya sutkalıq sidik götürülür. Müayinə elektroforezlə immunoksisasiya üsulu ilə aparlır. Normada, nəticə mənfi olmalıdır. Müayinə nəticələri 7-9 gün çəkir.

Paraproteinlərin müayinəsi– monoklonal qammapatiyaların (paraproteinemiya) markerlərinin təyininə əsaslanır. Laborator müayinə xoşxassəli paraproteinemiyaya, çoxsaylı mielomaya, POEMS-sindroma, paraproteinemik polineyropatiyaya, amiloidoza, Valdenstrem makroqlobulinemiyasına, krioqlobulinemiya və s. şübhə olduqda təyin olunur. Bəzi hallarda sidikdə -immunoqlobulinlərin sərbəst kappa- və lambda-zəncirlərinin müayinəsinə ehtiyac olur.

Prostatın sağlamlıq indeksi (PHİ)– prostat vəzinin xərçəngi riskinin aşkarlanması, vəzinin xoş və badxassəli törəmələrinin differensiasiyası məqsədilə təyin olunur. PHİ göstəricisi 3 plazma markerinə: ümumi PSA, sərbəst və -2proPSA-ya əsasən (-2proPSA/sərbəst PSA)x √ümumi PSA formulası ilə hesablanır. Ümumi PSA-nın 2-10 nq/ml olduğu halda PHİ< 21 olarsa- xərçəng riski çox aşağıdır, PHİ 21-40-dırsa orta risk qrupu, PHİ> 40 isə yüksək risk qrupunu göstərir. Müayinə İHLA yolu ilə aparılır.

error: Content is protected !!