Ovucların hiperhidrozu
Ovucların hiperhidrozu – ovuclarda yerləşən ekkrin vəzilərin funksional pozğunluğu olub, tər ifrazının artması ilə müşayiət edilir. Daimi soyuq və nəm əllər insanların sosial rifahını pozur, ağır hallarda isə peşə fəaliyyətinə maneə törədir. Diaqnoz anamnestik məlumatlar, ümumi baxış, diaqnostik testlərin nəticələrinə əsasənn qoyulur. Əlamətlərin ifadəliliyindən asılı olaraq, antiperspirantlar, fizioprosedurlar, A tipli botulotoksin preparatı təyin edilir. Konservativ üsullar nəticə vermədikdə cərrahi müalicə icra olunur.
Ovucların hiperhidrozu barədə ümumi məlumat
Tər ifrazının güclənməsi tibbdə hiperhidroz adlanır. Yunan dilində «hiper» – həddindən artıq, «hidros» isə tərdeməkdir. Normada 1 saniyədə dəridən 5-6 mq/sm2, patoloji vəziyyətlərdə isə 150-200 mq/sm2 su buxarlanır. Tibb ədəbiyyatında xəstəlik «palmar hiperhidroz» (hyperhidrosis palmaris) kimi qeyd olunur. Əllərin həddindən artıq tərləməsindən dünya əhalisinin 3%-i əziyyət çəkir. Patologiya hər iki cinsin nümayəndələri arasında eyni tezliklə (1%) aşkarlanır. Xəstəliyin manifestasiyası uşaqlıq dövründə baş verir. Yeniyetmələrdə və qadınlarda menopauza dövründə əlamətlərin güclənməsi müşahidə olunur. Pasiyentlərin 40%-də hiperhidroz ailəvi xarakter daşıyır.
Ovucların hiperhidrozunun yaranma səbəbləri
Tər vəzilərinin fəaliyyəti müxtəlif ekzogen və endogen amillərin təsirindən pozula bilər. Əllərin həddindən artıq tərləməsinin səbəbini təyin etməklə optimal müalicə üsulu seçmək və residivlərin qarşısını almaq mümkündür. Xəstəliyin əsas etioloji amilləri aşağıdakılardır:
- Genetik xüsusiyyətlər. İrsi amillər həm birincili, həm də ikincili hiperhidrozun formalaşmasında başlıca rol oynayır. Birinci halda genlər bədənin müəyyən hissələrində ekkrin vəzilərin həddindən artıq inkişafını, tər vəzilərinin sinir stimulyasiyasına qarşı yüksək həssaslığını müəyyən edir. İkinci halda isə provokasiyaedici amillərin (metabolik pozğunluqlar, intoksikasiyalar) təsirindən lokal hiperhidrozun yaranmasına irsi meyllik formalaşır.
- Sinir mərkəzlərinin disfunksiyası. Xəstəliyin inkişafında termorequlyasiya mərkəzinin aktivliyinin dəyişməsi mühüm əhəmiyyət kəsb edir. Bu mərkəz dəri örtüklərinin temperaturu, tər ifrazının sürətinə cavabdehlik daşıyır. Disfunksiyaya adətən neyrosirkulyator distoniya, nevroz, baş beynin üzvi zədələnmələrində rast gəlinir. Konkret səbəbin təyini və müalicə məqsədilə nevroloqun konsultasiyası mütləqdir.
- Hormonal balansın pozulması. Pubertat və menopauza dövründə hormonların səviyyəsinin dəyişməsi birincili lokal hiperhidrozun əlamətlərinin güclənməsinə səbəb olur. Hormonal disbalans ikincili patoloji prosesin inkişafına təkan verə bilər. Qalxanabənzər, mədəaltı, cinsiyyət vəzilərinin fəaliyyətinin pozulması böyük əhəmiyyət kəsb edir.
- Dermatoloji problemlər. Vitiliqo, psoriaz, navi nevus zamanı əllərin tər ifrazının normal səviyyəsi dəyişə bilər. Psoriaz xəstəliyində tər ifrazı əsas xəstəliyin kəskinləşmə dövründə arta, remissiya fazasında isə norma səviyyəsinə enə bilər. Nəm ovuclar həmçinin Turen polikeratozunu müayiət edən sindrom kimi təsvir olunmuşdur.
Ovucların hiperhidrozu emosional sarsıntı, ədəvalı qidalar, soğan, sarımsaq və digər qıcıqlandırıcı məhsulların qəbulu zamanı, eləcə də yüksək temperatur şəraitində güclənə bilər. Belə reaksiya əllərdə tər ifrazının sakitlik halında normal göstəricilərdən fərqlənmədiyi xəstələrdə daha qabarıq olur.
Ovucların hiperhidrozunun patogenezi
Birincili hiperhidrozun patogenezinin əsasını tər ifrazı tənziminin periferik simpatik mexanizmlərinin çatışmazlığı təşkil edir. Vegetativ sinir sisteminin fəaliyyətinin seqmentar mexanizmlərini təhlil etməyə imkan verən xüsusi müayinə üsullarının tətbiqi sayəsində damar və sudomotor fəaliyyətin simpatik tənziminin çatışmazlığı sübut edilmişdir. Pasiyentlərdə endogen katexolaminlərə qarşı postdenervasion hiperhəssaslıq fenomeni inkişaf edir. Bu fenomen əllərin daima soyuq olmasını, eləcə də adrenalin və noradrenalinə qarşı yüksək həssaslığı izah edir. Qanda katexolaminlərin səviyyəsinin artması əlamətlərin nəzərə çarpacaq dərəcədə güclənməsinə səbəb olur.
Ovucların hiperhidrozunun təsnifatı
İzoləolunmuş palmar hiperhidroz patoloji prosesin lokal təzahürü sayılır. Patologiyanın aparıcı səbəblərindən asılı olaraq, aşağıdakı formalar ayırd edilir:
- Ovucların birincili (essensial, idiopatik) hiperhidrozu. Onun üçün dərinin sahə vahidində tər vəzilərinin sayının artması, onların sinir impulslarına qarşı reaktivliyinin artması xarakterikdir. Xəstəliyin etiologiyasında genetik meylllik mühüm rol oynadığından ilkin əlamətlər uşaqlıq dövründə qeydə alınır. Tərləmənin stabil güclənməsinə hormonal disbalans, emosional sarsıntı, ağır xəstləliklər, travmalar səbəb olur.
- Ovucların ikincili hiperhidrozu. Bir sıra somatik, nevroloji xəstəliklər (polineyropatiya, endokrin vəzilərin patologiyası, Reyno sindromu, vegetativ-damar distoniyasında termorequlyasiya mərkəzinin disfunksiyası, eritromelalgiya, sirinqomieliya) nəticəsində yaranır. İkincili hiperhidroz yetkin şəxslərdə müşahidə edilir, əsas xəstəliyin remissiya dövründə azalaraq, norma səviyyəsinə qayıdır.
Müvafiq müalicə üsulu hiperhidrozun növü, əlamətlərin ifadə dərəcəsi nəzərə alınmaqla seçilir. Xəstəliyin ağırlığını müəyyən etməyə kömək edən əsas kriteriya dərinin ifraz etdiyi mayenin miqdarı hesab olunur:
- Azacıq nəm ovuclar. Əllərin tərləməsi normadan çox az fərqlənir. Güclü emosiyalar tərləməni daha da artırır. Xəstəlik demək olar ki, pasiyentin gündəlik həyat tərzini pozmur, onun əmək qabiliyyəti, sosial adaptasiyasına mənfi təsir etmir.
- Daimi nəm, soyuq əllər. Dəsmal və ya burun yaylığından daima istifadə etməyə tələbat yaranır. Ünsiyyət, xüsusən əllə görüşmə, fiziki təmasın digər növlərində gərginlik yaranır. Peşə fəaliyyətində kağız, kiçik əşyalarla işləyərkən çətinliklər meydana çıxır.
- Tər damcılarının müşahidə olunduğu soyuq əllər. Dəri səthində daima tər damcıları əmələ gəlir. İnsanın toxunduğu hər bir əşya yaş və sürüşkən olur. Peşə fəaliyyətində məhdudiyyətlər yaranır. Əksər hallarda xəstə cəmiyyətdən təcrid olur, depressiya inkişaf edir.
- Profuz tərin müşahidə olunduğu soyuq əllər. Patologiyanın ən ağır dərəcəsi sayılır. Bu vəziyyət pasiyentin sağlamlığı üçün təhlükə daşımır, lakin onun həyat keyfiyyətini kəskin azaldır. Baxış prosesində dəri səthindən iri tər damcılarının axması qeydə alınır. Əmək qabiliyyəti və sosial adaptasiya pozulur.
Ovucların hiperhidrozunun əlamətləri
Pasiyentin əlləri soyuq və nəmdir. İfraz olunan mayenin miqdarı geniş diapazonda dəyişir. Ovucların dərisi çəhrayı, xəttlər və şırımlar dərin, həm də aydındır. Tərləmə insan oyaq olarkən təzahür edir, yuxu saatlarında isə tamamən keçib gedir. Xəstə əllərini daima dəsmal və ya salfetlə silməyə məcbur olur. Tər ləkələri kağız, parça, ətrafda olan digər əşyaların üzərində qalır. Pasiyentlər ünsiyətin məhdudlaşmasından şikayətlənir. İntim yaxınlıq hər iki partnyorda gərginlik yaradaraq, stressə səbəb olur.
Müxtəlif alətlərlə manipulyasiyalar çətinlik törədir. Əşyaların səthi yaş olduğundan musiqi alətlərində ifa etmək, kompüterdə işləmək, idmanla məşğul olmaq çətinləşir. Palmar hiperhidrozlu insanlar zərgər, stomatoloq, dərzi və kiçik metal alətlərin istifadəsinin tələb olunduğu digər peşələrə sahib ola bilmir.
Ovucların hiperhidrozunun ağırlaşmaları
Amerika Dermatologiya Akademiyasının məlumatlarına əsasən sosial adaptasiyanın pozulması idiopatik hiperhidrozlu pasiyentlərin 80%-də müşahidə olunur. Bu, ilk növbədə yeniyetmələr üçün xarakterikdir. Belə pasiyentlərin hər ikincisi ünsiyyətdə yaranan çətinliklərlə mübarizə, eləcə də depressiyanın dərman vasitələrinin köməyilə aradan qaldırılması məqsədilə psixoterapevtə müraciət edir. İkincili hiperhidrozun əlamətləri ifadəli olduqda xəstələr əksər hallarda sahib olduqları peşəni və adət etdikləri həyat tərzini dəyişməyə məcbur qalırlar.
Ovucların hiperhidrozunun diaqnostikası
Pasiyent əllərin tərləməsi səbəbindən dermatoloqa müraciət edərkən diaqnozu təsdiq etmək və palmar hiperhidrozun yaranmasına gətirib çıxara bilən xəstəlikləri üzə çıxarmaq üçün laborator və instrumental müayinələr təyin olunur. Diaqnostika prosesində aşağıdakı testlərdən istifadə edilir:
- Minor sınağı. Ovucların hiperhidrozu-nun əsas xüsusiyyəti onun məhdud xarakterli olmasıdır. Patoloji dəyişiklik dərinin müəyyən sahəsini əhatə edir və dəqiq sərhədlərə malik olur. Sınağın aparılma qaydası: dəriyə Lüqol məhlulu çəkilir, o, quruduqdan sonra problemli nahiyəyə nişasta sürtülür. Aktiv şəkildə ifraz olunan tər nişastanı isladaraq, onun yodla rənglənməsinə səbəb olur.
- Qravimetriya üsulu. Zaman vahidi ərzində ifraz olunan mayenin miqdarını təyin edir. Bu məqsədlə pasiyentin ovcuna əvvəlcədən çəkisi hesablanılan süzgəc kağızı qoyulur. Vaxt başa çatdıqda tərli kağız yenidən çəkilir.
İkincili hiperhidrozu inkar etmək üçün istifadə olunan diaqnostik testlər həddindən artıq tərləmənin yaranma müddəti, keçirilmiş kəskin və mövcud xroniki xəstəliklər, digər amillər nəzərə alınmaqla təyin olunur. Dermatoveneroloqla yanaşı müayinə prosesinə digər mütəxəssislər: endokrinoloq, nevroloq, terapevt, psixoterapevt/psixiatr, hematoloq, onkoloq cəlb oluna bilər.
Ovucların hiperhidrozunun müalicəsi
Müalicəyə sadə vasitələrlə başlamaq lazımdır. Tətbiq olunan üsullar nəticə vermədikdə cərrahi əməliyyat təyin edilir. Hiperhidrozun müalicəsi aşağıdakı yollarla aparıla bilər:
- Antiperspirantların istifadəsi. Alüminium-heksaxlorhidrat əsaslı tibbi və ya adi gigiyenik antiperspiratlardan istifadə olunur. Məhdudiyyət: ovucların dərisində kəsik və qançırların olması. Ovucların mülayim dərəcəli hiperhidrozunda yüksək effekt əldə etmək mümkündür. İfadəli palmar hiperhidroz zamanı yerli təsirli preparatların aşağı effektivliyi onların aktiv komponentinin dəriyə nüfuz etmədən tərlə yuyulması ilə izah olunur.
- Botulin terapiyası. İnyeksion kosmetologiyada tətbiq olunan preparatların aktiv maddəsi – A tipli botulotoksin güclü tərləmə ilə effektiv mübarizə aparır. Bir prosedurun effekti 6 aya qədər davam edə bilər. Məhdudiyyət: bir ovuca preparatın təxminən 120 vahidi tələb olunduğundan botulin terapiyası bahalı üsul sayılır.
- İonoforez. Fizioterapevtik prosedur həm tibb müəssisələri, həm də müəyyən avadanlıq olduqda ev şəraitində aparıla bilər. Müalicə kürsu problemli nahiyələrin tər ifrazını normaya salır, onun təsiri 6 ay müddətinə qədər saxlanılır. Vaxtaşırı dəstəkləyici prosedurlardan istifadə edilməlidir. İonoforez ən sadə və effektiv müalicə üsulu hesab olunur.
- Neyrocərrahi simpatektomiya. Əməliyyat zamanı ovucların tər vəzilərinə impuls ötürən sinir lifləri klipləni. Artıq əməliyyat masasında pasiyentin əlləri istilənməyə və qurumağa başlayır. Əməliyyatın ağırlaşmaları: Horner sindromu, plevra və ağciyər toxumasının zədələnməsi ilə əlaqədar pnevmororaksın yaranması, hərəki sinirlərin zədələnməsi nəticəsində ətrafların hərəkətinin pozulması. 64% hallarda əməliyyatdan sonra kürək, sinə, baş və bədənin digər hissələrinin kompensator hiperhidrozu inkişaf edir. Bəzən kompensator reaksiyanın ifadə dərəcəsi yüksək olduğundan xəstə yenidən əməliyyat olunur, yuxarı ətrafların sinir kötüklərinə qoyulan klipslər çıxarılır.
Ovucların hiperhidrozunun proqnoz və profilaktikası
İkincili hiperhidroz hallarında ovucların həddindən artıq tərləməsinə səbəb olan xəstəliyin müalicəsi zamanı pasiyentin vəziyyəti əhəmiyyyətli dərəcədə yaxşılaşır. Birincili patoloji prosesi tam şəkildə müalicə etmək mümkün deyil. Ovucların hiperhidrozu-nun müalicə üsullarının hər biri simptomatikdir. Onların köməyilə lokal təzahürlər aradan qaldırılır, xəstənin əmək qabiliyyəti və sosial həyatı normaya salınır.
Palmar hiperhidrozun profilaktik tədbirləri işlənilib hazırlanmamışdır. Ovucların güclü tərləməsinin qarşısını almaq üçün aşağıdakı tövsiyyələrə əməl olunmalıdır: isti havalarda əlcək geyinilməməli, problemli nahiyədə termoprosedurlar aparılmamalı, yağ və vazelin tərkibli kosmetik vasitələrdən istifadə edilməməlidir.