Pulmonologiya

Pulmonologiya – tənəffüs sistemi  orqanlarının (ağciyər, plevra, traxeya və bronxların) xəstəliklərini, onların klinik əlamətləri, müalicə-profilaktika üsullarını öyrənir. Tənəffüs sisteminə yalnız hava keçirici yollar deyil, həm də mərkəzi sinir sistemi, döş qəfəsi (diafraqma, döş sümüyü-qabırğa karkası, qabırğaarası əzələlər), ağciyərlərdə qan dövranı da daxildir.   

Pulmonologiya ağciyərlərlə yanaşı, həm də ağciyər kökünün sinir-damar kələfləri, limfa düyünləri, çəngələbənzər vəzi, diafraqmanın da patologiyalarının müayinə və müalicəsi ilə məşğul olur. Tənəffüs sisteminin əsas funksiyası ağciyərlərdə qaz mübadiləsini təmin etməkdir.   

Pulmonologiya tibbin bir çox sahələri: kardiologiya, allerqologiya, otorinolarinqologiya,  reanimatologiya, onkologiya və s. ilə sıx əlaqədədir.  

Pulmonoloji xəstəliklərə daxildir:

  • ağciyərlərin qeyri-spesifik (obstruktiv) xroniki xəstəlikləri (xroniki bronxit, ağciyərlərin emfizeması, pnevmoskleroz, ağciyər hipertenziyası, xroniki ağciyər ürəyi, bronxoektaziya, xroniki pnevmoniya, bronxial astma);  
  • ağciyərlərin destruktiv xəstəlikləri (abses və qanqrenası);  
  • plevra boşluğunun xəstəlikləri (plevrit, spontan pnevmotoraks, hemotoraks);
  • döş qəfəsinin travmatik zədələnmələri; 
  • ağciyər və plevranın xoş və bəd xassəli şişləri, divararalığının törəmələri; 
  • tənəffüs orqanlarının kəskin iltihabi xəstəlikləri (traxeit, pnevmoniya, bronxit);
  • kəskin tənəffüs çatışmazlığı törədən təxirəsalınmaz hallar (respirator distress sindrom, ağciyər arteriyasının tromboemboliyası, astmatik status);
  • ağciyərlərdə disseminəolunmuş proseslərlə gedən sistem xəstəlikləri (mukovissidoz, sarkoidoz və s.);
  • ağciyər, traxeya və bronxların anadangəlmə, eləcə də qazanılmış inkişaf qüsurları. 

Pasiyentin şikayətləri və ağciyərlərin auskultasiyasının nəticələrinə əsasən tənəffüs sisteminin xəstəliklərindən şübhələnmək olar. Diaqnozu dəqiqləşdirmək üçün döş qəfəsi orqanlarının rentgenoqrafiyası, bronxoskopiya, bronxoqrafiya, ağciyərlərin KT və ya angiopulmonoqrafiyası aparılır. Laborator üsullar arasında bəlğəmin müayinəsi geniş tətbiq olunur.  

Tənəffüs sistemi xəstəliklərinin müalicəsi xəstəliyin xarakterindən asılı olaraq, konservativ və ya cərrahi yolla həyata keçirilə bilər. Konservativ üsullar bəlğəmin parçalanmasına, onun miqdarının azalmasına, evakuasiyasının asanlaşmasına, bronx-ağciyər sistemində iltihabi proseslərin yox edilməsinə yönəldilir.  

Cərrahi müalicə adətən həyat üçün təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə təcili hallarda icra olunur. Planlı əməliyyatlar isə xəstənin hərtərəfli müayinəsindən və dərman preparatları ilə qeyri-effektiv müalicədən sonra yerinə yetirilir.  

error: Content is protected !!