Taxifilaksiya

Taxifilaksiya- dərman preparatlarının təkrari qəbulu zamanı terapevtik təsirinin zəifləməsidir. Bu hal əsasən, adrenomimetiklərin, histaminoblokatorların, bronxolitiklərin və simpatolitiklərin qəbulu zamanı rast gəlinir. Taxifilaksiya zamanı əsas xəstəliyin simptomları tez proqressivləşir, çünki qəbul olunan preparat gözlənilən effekti vermir. Patologiyanın spesifik əlamətləri yoxdur. Diaqnoz üçün müalicə həkiminin konsultasiyası yetərlidir. Müalicəsində -taxifilaksiyaya səbəb olan preparatın eyni təsirə malik, lakin təsir mexanizmi fərqli preparatdan istifadə olunur.

Taxifilaksiya haqqında ümumi məlumat

Taxifilaksiya dərman tolerantlığının xüsusi kəskin forması olub, bir neçə dəqiqə/saat/gün ərzində yaranır. Bu hal yetərincə çox rast gəlinir və daha çox terapevtlərin və LOR-həkimlərin praktikasında olur- rinitin müalicəsində xəstənin dekonhestant qəbulu zamanı instruksiyaya riayət etməməsi hallarında taxifilaksiya ehtimalı 100%-ə yaxınlaşır. Xroniki allergik xəstəliklər zamanı desensibilizasiyaedici vasitələrə qarşı tolerantlıq hər beşinci xəstədə rast gəlinir.

Taxifilaksiyanın səbəbləri

Eyni preparatın qısa fasilələrlə təkrar qəbulu patoloji hala səbəb olur. Belə effekt daha çox adrenomimetiklər, bronxolitiklər, H1 və H2-histaminoblokatorların qəbulu zamanı yaranır. Taxifilaksiya halları simpatolitiklərin, qanqlioblokatorların, bəzi analgetiklərin qəbulu zamanı da yarana bilər. Taxifilaksiya -dozadan asılı hal olub, dərman preparatının konsentrasiyası nə qədər yüksəkdirsə, yaranma ehtimalı da bir o qədər sürətli olur.

Dərman preparatlarının tez-tez və nəzarətsiz qəbulu zamanı taxifilaksiyanın əsas yaranma mexanizminə aşağıdakılar aiddir:

  • Reseptor strukturunun modifikasiyası. Həddən artıq stimulyasiya zamanı reseptorun quruluşunda dəyişikliklər baş verir və aqonist-reseptor kompleksinin formalaşması mümkün olmur və ya ion kanalları açılmır. Adətən bu modifikasiyanın səbəbi fosforlaşmadır.
  • Reseptorların sayının azalması. Aqonist preparatın uzunmüddətli təsiri orqanizm tərəfindən külli miqdarda membran reseptorları kimi interpritasiya olunur. Nəticədə, onların bir qismi endositoz yolu ilə membrana “çökür” və lazımi effekt almaq üçün dozanı artırmağa ehtiyac yaranır.
  • Sürətlənmiş metabolik deqradasiya. Dərman preparatlarının eyni dozada qəbulu onların orqanizmdə metabolik deqradasiyasına səbəb olur. Bu səbəbdən qanda preparatın konsentrasiyası azalır və müalicəvi effekti də zəifləyir.

Taxifilaksiyanın patogenezi

Dərman praparatlarına davamlılığın farmakokinetik və ya farmakodinamik mexanizmləri mövcuddur. Taxifilaksiyanın farmakokinetik forması zamanı dərman preparatının tez-tez qəbulu nəticəsində qanda konsentrasiyası reseptorların həssaslığının minimal həddinədək azalır. Buna preparatın sorulma və paylanmasının pozulması, biomənimsənilmənin zəifləməsi, qaraciyər və ya böyrəklər vasitəsilə ekskresiyanın sürətlənməsi səbəb olur.

Farmakodinamik mexanizm zamanı preparatın qanda konsentrasiyası dəyişmir, lakin hədəf-orqanların dərman preparatına həssaslığı zəifləyir. Adətən bu mexanizmlə taxifilaksiya halı -neyromediator (adrenalin və noradrenalin) ehtiyatlarını tükədən adrenomimetiklərin qəbulu zamanı meydana çıxır və növbəti dozaların qəbulu gözlənilən nəticəni vermir.

Taxifilaksiyanın simptomları

Ən geniş yayılmış taxifilaksiya halı damargenişləndirici burun damcılarının həddən artıq istifadəsi zamanı rast gəlinir. Əgər pasiyent bu vasitələri gündə 2-3 dəfədən artıq istifadə edərsə, hər növbəti damızdırma zamanı preparatın effekti və təsir müddəti azalacaq. Sutka ərzində preparatın 10-15 dəfə qəbulu belə ya heç bir effekt verməyəcək, ya da təsir 30-40 dəq-dən uzun çəkməyəcək.

H2-histamin reseptorlarının blokatorlarının normadan çox qəbulu 36-48 saatdan sonra onların antisekretor aktivliyinin qəfil azalmasına, mədədə qıcqırma və diskomfort hissinin artmasına səbəb olar. Diuretik preparat olan diakarbın 8-16 saat sonra təkrar qəbulu, qanın qələvi rezervlərinin tükənməsi səbəbilə sidikqovucu təsir göstərməyəcək. Bronxial astma zamanı inhalyatorun çoxsaylı istifadəsi dərman preparatına qarşı bronxların həssaslığını azaltdığından, təkrari dozalarda effekt əldə olunmur və təkrari tutmanın qarşısını almaq mümkün olmur.

Taxifilaksiyanın ağırlaşmaları

Taxifilaksiyanın əsas fəsadı- təyin olunmuş preparatın effekt göstərməməsidir. Bu səbəbdən pasiyentdə xroniki xəstəliyin kəskinləşməsi və ya kəskin xəstəliklər zamanı vəziyyətinin ağırlaşması baş verir. Bir çox hallarda bu həyat üçün təhlükəli nəticələrə: məsələn, bronxial astmanın növbəti tutması zamanı bronxolitikin effekt göstərməməsi astmatik statusla nəticələnə və pasiyentin ölümünə səbəb ola bilər.

KRVİ-nın geniş yayılması və pasiyentlərin özünümüalicəyə meyilliyi çox vaxt nazal dekonhestanlara taxifilaksiyaya- medikamentoz vazomotor rinitə səbəb olur. Onun üçün burunun selikli qişasının davamlı ödemi, vəzilərin sekresiyasının sürətlənməsi, epitelin histoloji strukturunun dəyişməsi xarakterikdir. Burun tənəffüsünün mümkün olmaması ilə yanaşı, taxifilaksiyadan əziyyət çəkən şəxsdə vegetodamar reaksiyaları, yuxunun pozulması, qıcıqlanma da müşahidə olunur.

Taxifilaksiyanın diaqnostikası

Təcrübəli həkimlər bəzi preparatların təsir xüsusiyyətlərini nəzərə alaraq, təyin olunmuş preparatın effektinin zəiflədiyi hallarda taxifilaksiyadan şübhələnirlər. Diaqnozu təsdiqləmək üçün, həkim pasiyentdən dərman preparatını necə və hansı dozada qəbul etdiyini, oxşar təsir mexanizmli preparatla özünümüalicə hallarının olub-olmadığını dəqiqləşdirir. Hər hansı laborator-instrumental müayinəyə ehtiyac yoxdur.

Taxifilaksiyanın müalicəsi

Xüsusi müalicəyə ehtiyac yoxdur. Seçilmiş preparat gözlənin təsiri göstərmədiyi üçün ya qəbulunu dayandırmaq, ya da eyni təsirə malik fərqli farmakoloji qrupdan olan preparatla əvəz olunmalıdır. Xroniki xəstəlikləri olan pasiyentlərdə taxifilaksiya epizodları təkrarlanarsa müalicə sxeminin korreksiyası üçün kliniki farmakoloqun konsultasiyası tələb olunur.

Taxifilaksiyanın proqnozu və profilaktikası

Preparatın qəbulunu saxlayan kimi taxifilaksiyanın patoloji mexanizmi tez aradan qalxır və proqnozu qənaətbəxşdir. Gələcəkdə də, əgər dərman qəbulu qeyri-rasional olarsa, taxifilaksiyanın təkrarlanması mümkündür. Profilaktika üçün dərman preparatlarının dozalanması və qəbul qaydasına, ehtiyac olarsa müalicə kursları arasındakı intervala dəqiq nəzarət etmək lazımdır.

error: Content is protected !!