Uşaqlığın intraliqamentar fibroması

Uşaqlığın intraliqamentar fibroması – fibroid şişlərin bir forması olub, uşaqlığı qarın boşluğunda fiksasiya edən enli bağın səhifələri arasında lokalizasiya olunur. Patologiya klinik olaraq, gur meno- və metrorragiyalar, anemiya, ağrı sindromu, sidik passajının pozulması, böyrəklərin zədələnməsi ilə təzahür edir. Diaqnoz kompleks müayinələr – ginekoloji baxış, USM, Exo-histerosalpinqoskopiya, histeroskopiya, KT, MRT əsasında qoyulur. Əksər hallarda uşaqlığın intraliqamentar fibroması cərrahi yolla xaric edilir.

Uşaqlığın intraliqamentar fibroması barədə ümumi məlumat

Uşaqlığın intraliqamentar fibroması stromal tipli hormondan asılı xoşxassəli şişlər qrupuna aid olub, birləşdirici toxumanın hipertrofiya və proliferasiyası nəticəsində yaranır. Ginekologiyada uşaqlığın intraliqamentar lokalizasiyalı fibromasına az hallarda rast gəlinir. Bu zaman fibroid düyün peritonun altında, uşaqlığın bağ aparatı və uşaqlıqətrafı toxumada (parametriyada) yerləşir. Uşaqlığın intraliqamentar fibroması adətən dərində yerləşərək, magistral damarlar, sinir kələfləri, sidik axarları və sidik kisəsinə söykənir. Uşaqlığın intraliqamentar fibromasının xaric edilməsi bir sıra texniki çətinliklərlə müşayiət olunur.

Uşaqlığın intraliqamentar fibromasının yaranma səbəbləri

Uşaqlığın intraliqamentar fibromasının etiologiyası axıra kimi öyrənilməmişdir. Patologiyanın inkişafında hormonal disbalans-hiperestrogeniya, progesteron çatışmazlığı, hiperqonadotropizm başlıca rol oynayır. Məhz bu səbəbdən fibroid düyünlər əksər hallarda reproduktiv dövrdə inkişaf edir və böyüyür, menopauzada isə əksinə kiçilir. Uşaqlığın intraliqamentar fibromasının etioloji amillərinə irsiyyət, anamnezdə xroniki infeksiyaların (servisit, endometrit,  adneksit, ooforit) olması, cinsi yolla keçən infeksiyalar, hamiləliyin cərrahi yolla dayandırılması, medikamentoz abortlar, oral kontrasepsiyanın istifadəsi, yumurtalıqların polikistozu aiddir. Uşaqlığın intraliqamentar fibroması ilə gecikmiş menarxe, hamiləliyin olmaması, cinsi həyatın gec başlanması və onun qeyri-müntəzəmliyi arasında birbaşa korrelyasion asılılıq mövcuddur.

Uşaqlığın intraliqamentar fibromasının inkişaf etdiyi premorbid fon xəstəliklərinə endokrin və ürək-damar patologiyaları, hipertoniya, varikoz, piylənmə, immun çatışmazlığı daxildir.

Uşaqlığın intraliqamentar fibromasının əlamətləri

Xəstəlik erkən mərhələlərdə əlamətsiz gedir, fibroid şişin ölçüləri artdıqca tipik əlamətlər yaranır. İntraliqamentar düyünün proqressiv böyüməsi sidik axarları, sinir kələfləri, damarların sıxılmasına səbəb olur, bu da uşaqlığın intraliqamentar fibromasının klinik simptomatikasının inkişafına gətirib çıxarır. Xəstəliyin ən xarakterik təzahürlərinə bel nahiyəsində ağrı, ilkin dövrlərdə tezləşmiş və ağrılı sidik ifrazı, sonra isə sidik passajının pozulması, hidroureter və hidronefrozun inkişafı aiddir.

Digər lokalizasiyalı fibroid şişlərdə olduğu kimi uşaqlığın intraliqamentar fibroması zamanı qan laxtalarının ifrazı ilə gedən siklik (menorragiya) və asiklik (metrorragiya) qanaxmalar, alqodismenoreya, sakitlik halında qarında ağırlıq və təzyiq hissi, dispareuniya, anemiya qeyd oluna bilər. Bir sıra hallarda uşaqlığın intraliqamentar fibromasının inkişafı sonsuzluqla, hamiləlik baş tutduqda isə düşük təhdidləri və ya spontan abortlarla müşayiət olunur.

Bağ aparatının gərilməsi nəticəsində uşaqlığın əyilməsi, uşaqlıq və uşaqlıq yolunun sallanması baş verə bilər. Nadir hallarda intraliqamentar düyünün nekrozu, onun çanaq peritonu ilə bitişməsi, qan damarının partlaması zamanı kəskin qarın klinikası izlənilir.

Uşaqlığın intraliqamentar fibromasının diaqnostikası

Ginekoloji müayinə prosesində aşkarlanan uşaqlığın intraliqamentar fibromasının obyektiv əlamətlərinə uşaqlığın böyüməsi və asimmetriyası, vaginal hissə və uşaqlıq əsnəyinin yerdəyişməsi, konsistensiyanın sərtliyi, sərhədlərinin nahamarlığı (qabarlı olması) aiddir.

Ginekoloji USM uşaqlığın intraliqamentar fibromasının ölçüləri, lokalizasiyası, yayılması, düyünün quruluşu (kalsifikasiya, nekroz və s.), eləcə də böyümə dinamikasını dəqiqləşdirməyə imkan verir. Meno- və metrorragiyalı xəstələrdə servikal kanal və uşaqlıq boşluğunun diaqnostik qaşınması icra olunur, endometriumun sıyrıntısının histoloji müayinəsi aparılır.

Sidiyin passajının pozulması zamanı uroloq və nefroloqun konsultasiyası, ekskretor uroqrafiya, ureteroskopiya, nefroskopiya, böyrəklərin USM və KT göstəriş hesab olunur. Differensial və dəqiqləşdirici diaqnostikaya ehtiyac olduqda histeroskopiya, US-HSS, MRT, KT, laparoskopiya tətbiq olunur. Müayinə prosesində uşaqlıq artımlarının şişləri, yumurtalığın kistoması, uşaqlıq və uşaqlıqdan kənar hamiləlik, uşaqlığın adenomiozu inkar edilir.

Uşaqlığın intraliqamentar fibromasının müalicəsi

Uşaqlığın intraliqamentar fibroması zamanı cərrahi müdaxilə konservativ və ya radikal olur. Radikal əməliyyatlar uşaqlığın fibroma ilə birgə çıxarılmasından ibarətdir. Bu üsul realizasiyalaşmış reproduktiv funksiyalı qadınlarda icra olunur. Radikal əməliyyatlara histerektomiya, menopauzada isə panhisterektomiya aiddir. İntraliqamentra fibroma zamanı düyünlərin aşağı yerləşməsi ilə əlaqədar uşaqlığın supravaginal amputasiyası texniki cəhətdən mümkün olmur.

Orqanqoruyucu əməliyyatların – konservativ miomektomiyanın (düyünün soyulması, yatağın tikilməsi) aparılması reproduktiv funksiyanın qorunmasına imkan versə də yeni fibroid düyünlərin inkişafını istisna etmir. Uşaqlığın intraliqamentar fibromasının xaric edilməsinin çətinliyi sidik sistemi orqanlarının və qan damarlarının yaxın yerləşməsi ilə əlaqədardır. Bu səbəbdən əməliyyat prosesində intraoperasion travmalar və qanaxmalar baş verə bilər. Uşaqlığın fibromasının müalicəsinin perspektiv az invaziv üsullarına yüksək energetik fokuslanmış ultrasəslə düyünün hədəfli buxarlandırılması və uşaqlıq arteriyasının embolizasiyası aiddir.

Uşaqlığın intraliqamentar fibroması zamanı əməliyyata mütləq göstərişlər və ifadəli simptomatika olmadıqda terapevtik müalicə tətbiq olunur. Belə hallarda vitaminoterapiya, simptomatik qansaxlayıcı və ağrısızlaşdırıcı terapiya, hormonoterapiya (gestagen, androgen, qonadoliberinin aqonistləri ilə) təyin olunur. Medikamentoz müalicə cərrahi müdaxiləni ləngidə və ya onu əvəz edə, eləcə də residivlərin yaranma ehtimalını azalda bilir. Hormonal üsullara uşaqlıqdaxili hormonal sistemin qoyulması aiddir.

Uşaqlığın intraliqamentar fibromasının proqnoz və profilaktikası

Uşaqlığın intraliqamentar fibromasının profilaktik tədbirləri kontrasepsiyanın rasional seçilməsi, genital və endokrin xəstəliklərin vaxtında müalicəsi, abortlar və cinsi yolla keçən infeksiyaların istisna edilməsi, müntəzəm ginekoloji müayinədən ibarətdir.

Uşaqlığın intraliqamentar fibroması olan xəstələrdə hamiləliyin gedişi və aparılması düyünün proqressiv böyüməsi, düşük, vaxtından əvvəl doğuş, cift gəlişi və onun yerləşmə anomaliyaları, diskoordinasiyalı doğuş fəaliyyəti və doğuşdan sonra qanaxmalarla müşayiət olunur. Uşaqlığın intraliqamentar fibromasının xaric edilməsindən sonra gələcəkdə residivlərin inkişafı istisna edilmir.

error: Content is protected !!