Üz gərmə əməliyyatı

Üz gərmə əməliyyatı (feysliftinq) – bu nahiyədəki toxumaların dartılması ilə icra olunan estetik müdaxilədir. Onun sayəsində yaşla bağlı dəyişikliklər aradan qalxır, üzün təbii və cavan görünüşü geri qayıdır. Üz gərmə əməliyyatı ilə burun-dodaq büküşləri, qırışlar və yaşlanmanın digər əlamətləri (qaşların sallanması, sallanmış yanaqlar) korreksiya olunur. Hal-hazırda üzün plastikası ən effektiv cavanlaşma üsulu sayılır.  

Feysliftinq həm sərbəst formada, həm də digər əməliyyatlar – blefaroplastika, rinoplastika və s. ilə birgə aparıla bilər.  

Üz gərmə əməliyyatının növləri

Üzdə qocalma əlamətlərindən asılı olaraq, feysliftinq müxtəlif üsullarla icra edilir. 40 yaşdan cavan və üz ovalında kobud dəyişiklikləri olmayan pasiyentlərə sekrotal üz gərmə əməliyyatı (alın, qaşlar, yanaq, gicgah liftinqi) məsləhət görülür. Sektoral liftinq prosesində müəyyən nahiyənin dərisi dartılır, onun altındakı yumşaq toxumalar isə gərilməyə məruz qalmır. Bu növ plastikanın nəticəsi 5-8 il qalır.   

40 yaşdan sonra toxumalar yaşla bağlı kəskin dəyişikliyə uğradığından dairəvi üz gərmə əməliyyatı – SMAS liftinq tövsiyə edilir. Dairəvi feysliftinq zamanı nəinki dəri, həmçinin sallanan əzələ və fassiyalar da dartılır. Belə əməliyyatın nəticəsi 10 il müddətində saxlanılır. Dairəvi plastikanın bərpa dövrü 2-3 həftə təşkil edir. Tikişlər mərhələli şəkildə sökülür. Toxumalarda regenerasiya proseslərini stimulyasiya etmək məqsədilə fizioterapiya məqsədəuyğundur.  

Feysliftinqin az travmatik variantları endoskopik və miniliftinqdir.  

Endoskopik liftinq – klassik üz gərmə əməliyyatının ən yaxşı alternatividir. Onu “skalpelsiz plastika” adlandırırlar. Bu əməliyyatla üzün yuxarı və orta hissələri: yuxarı göz qapaqları və alın-gicgah nahiyəsinin dərisi dartılır. Endoskopik üsul bərpa dövrünün müddətini xeyli qısaldır. Onun effekti 8-10 il davam edir.  

Minifeysliftinq zamanı üzün yuxarı, orta və aşağı hissələri başın tüklü hissəsi, qulaq arxasında, eləcə də aşağı göz qapağının blefaroplastikası zamanı edilən kəsikdən dartılır. Mini üz gərmə əməliyyatı üçün 1,5 həftəlik reabilitasiya xarakterikdir. Əməliyyatdan sonra çapıqlar nəzərə çarpmır. Yekun nəticə 1 neçə ay keçdikdə bilinir.  

Üz gərmə əməliyyatına hazırlıq

Cərrahi müdaxiləyə hazırlıq plastik cərrahın konsultasiyasından başlanır. Həkim üzün vəziyyətini və yaşla bağlı dəyişikliklərin ifadə dərəcəsini qiymətləndirdikdən sonra əməliyyatın növünü təyin edir.  

Şəkərli diabet, qanın ciddi laxtalanma pozğunluqları, yüksək təzyiq cərrahi üsula əks-göstəriş sayılır. Əməliyyat öncəsi siqaretdən, aspirin və digər qan durulaşdırıcı preparatlardan imtina edilməlidir.  

Üz gərmə əməliyyatının aparılma qaydası

Feysliftinq venadaxili və ya endotraxeal narkoz altında yerinə yetirilir. Üzün plastikası bir neçə saat davam edir. Yanaşı olaraq, digər əməliyyatlar (blefaroplastika və s.) aparıldıqda bu müddət uzanır.  

Kəsiklər adətən tellərin böyümə xəttindən bir qədər yuxarıda: gicgahda və qulaq önü təbii büküşlərdə aparılır, qulaqarxası sahədə gizlədilir. Boynun plastikasında çənə altında kiçik hissə kəsilir.  

Həkim kəsikdən keçməklə dərini piy və əzələlərdən ayırır. Üz konturlarını yaxşılaşdırmaq üçün piy çənə və boyuna qədər ayrılır. Sonra dərin qatlar dartılır, artıq dəri toxuması kəsilir və sonda dəridaxili kosmetik tikiş qoyulur. Qulaq arxasında dərinin altına nazik drenaj borusu qoyulur. Şişkinlik və hematomanın profilaktikası məqsədilə bandajdan istifadə edilir.  

Üz gərmə əməliyyatının bərpa dövrü

Feysliftinqdən sonra pasiyent cüzi diskomfort və ağrı hissi edir. 1 neçə həftə ərzində üz dərisinin hissiyyatı azalır. Şişkinliyin qarşısını almaq üçün yatanda başın altına hündür balış qoyulmalıdır. Drenaj 1-2, bandaj isə 1-5 gündən sonra çıxarılır. Tikişlər 5 gün keçdikdə sökülür.  

Normada toxumaların regenerasiyası üçün 3-4 həftə tələb olunur. Bu müddət ərzində mimik əzələlərin hərəkəti çətinləşə, ödemlə əlaqədar üz cizgiləri dəyişə bilər. Əməliyyat keçirən şəxslərə sakit həyat fəaliyyəti, üzə düzgün qulluq tövsiyə edilir. Eləcə də feysliftinqdən sonra 1 neçə ay spirtli içki qəbulu, sauna, buxar vannaları qadağan edilir. 

Üz gərmə əməliyyatının fəsadları

Feysliftinqin nəticəsi plastik cərrahın peşəkarlığından, pasiyentin fərdi özəlliklərindən, eləcə də toxumaların sağalma və çapığın formalaşma xüsusiyyətlərindən asılıdır.  

Üzün plastikası hematoma (dəri altına qanın toplanması), mimik əzələləri idarə edən sinirlərin zədələnməsi (bu halda mimika müvəqqəti pozulur), infeksiya ilə ağırlaşa bilər.  

Üz gərmə əməliyyatının nəticələri

Feysliftinqin nəticəsi dərhal bilinmir. Bunun üçün göyərmə və şişkinliyin keçib getməsini gözləmək lazımdır. Postoperasion çapıqlar zamanla solur, üzün təbii büküşlərində görünməz olur. Əməliyyatdan bir neçə ay sonra üz cavan və tərəvətli görünür. Orqanizmdə təbii qocalma proseslərinin getməsinə baxmayaraq, feysliftinqin nəticəsi uzun illər ərzində saxlanılır. 8-10 il sonra pasiyentin istəyinə əsasən üz gərmə əməliyyatı təkrarlana bilər.  

error: Content is protected !!