Adneksit

Аdneksit (salpinqooforit) – yumurtalıqlar və uşaqlıq borularının (uşaqlıq artımları) iltihabi xəstəliyidir. Kəskin dövr qarnın aşağı hissəsində ağrı, yüksək hərarət, intoksikasiya əlamətləri ilə xarakterizə olunur. Ağrı iltihabi prosesin yerləşdiyi nahiyədə daha intensiv olur. Xəstəlik zamanı aybaşı funksiyanın pozulmalarına rast gəlmək olar. Xroniki mərhələdə xəstəliyin klinikası az nəzərəçarpandır, periodik olaraq residivlər müşahidə olunur. Adneksit uşaqlıq borularında bitişmə proseslərinin yaranmasına gətirib çıxarır, uşaqlıqdankənar hamiləlik və sonsuzluğun yaranma ehtimalını artırır.

Adneksit barədə ümumi məlumat

Аdneksit və ya salpinqooforit uşaqlıq artımları – yumurtalıq və fallop (uşaqlıq) borularının bir və ya ikitərəfli iltihabıdır. Qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri arasında uşaqlıq artımlarının iltihabı  (adneksit) ilk yerlərdən birini tutur. Artımların iltihabı streptokokk, stafilokokk, enterokokk, qonokokk, göbələk, virus, vərəm mikobakteriyaları, eşerixiya, xlamidiya və digər mikroorqanizmlər tərəfindən törədilir. Əksər hallarda adneksitin yaranma səbəbi mikrob assosiasiyası (adətən bağırsaq çöpü və srafilokk) ilə əlaqələndirilir. Bir qayda olaraq, törədicilər bir çox antibiotiklərə qarşı rezistent olur.

Vərəm çöpləri, qonokokklar adətən uşaqlıq artımlarının ikitərəfli, streptokokk, stafilokk və bağırsaq çöpləri isə birtərəfli iltihabına səbəb olur. Artımların iltihabı və residivlərinin yaranmasına soyuqdəymə, cinsi yolla ötürülən xəstəliklər, gigiyenik normalara riayət olunmaması, təsadüfü cinsi əlaqələr, stress kimi faktorlar da şərait yaradır.

Adneksitin yaranma mexanizmi

Adneksit zamanı iltihabi prosesin inkişafı infeksion agentin uşaqlıq borularının selikli qişasına daxil olması ilə başlayır. Tədricən əzələ və seroz qatlar da iltihabi prosesə cəlb olunur. Daha sonra iltihab ətraf toxumalara: yumurtalığın səthi epitel qatına və çanaq boşluğuna yayılır. Ovulyasiyadan dərhal sonra infeksiya partlamış follikul və ya sarı cismə daxil olaraq, yumurtalıqda iltihabi proses törədir. Adneksit zamanı yumurtalıq və borular bitişərək, əvvəlcə vahid iltihabi konqlomerat, sonra isə tuboovarial abses əmələ gətirir. Uşaqlıq artımlarının iltihabı uşaqlıq borularının keçiriciliyini məhdudlaşdıran çoxsaylı bitişmə proseslərinin yaranması ilə nəticələnir.

Adneksit zamanı patoloji prosesin törədiciləri fallop borularına aşağıdakı yollarla daxil olur:

  • hematogen (qan dövranı ilə);
  • limfogen (limfa dövranı ilə);
  • enən yol (S-vari və ya kor bağırsaqdan);
  • qalxan yol (uşaqlıq yolundan servikal kanala, sonra isə uşaqlıq boşluğu, uşaqlıq boruları və yumurtalıqlara daxil olur).

Adneksit zamanı artımların hemotogen yolla infeksiyalaşması cinsiyyət orqanlarının vərəmə yoluxması hallarında baş verir. Limfogen və enən yolla yoluxma isə düz, S-vari və kor bağırsağın xəstəlikləri nəticəsində yaranır. Bağırsaq çöpləri, streptokokk, stafilokk infeksiyaları üçün cinsi yolların qalxan anatomik kanalları giriş qapısı rolunu oynayır. Xlamidiya və qonokokklar cinsi yolların zədələnməmiş toxumalarından keçmək qabiliyyətinə malikdir. Çox vaxt infeksiya eyni zamanda bir neçə yolla uşaqlıq artımlarına daxil olur. Adneksitin gedişi kəskin, yarımkəskin, xroniki (residivsiz və residivləşən) ola bilər.

Adneksitin diaqnostikası

Adneksit zamanı diaqnoz anamnez (uşaqlıqdaxili spiralın istifadəsi, abortlar, diaqnostik qaşımaların aparılması, ağırlaşmış doğuş, uşaqlıq artımlarının iltihabını fəsadlaşdıran amillər və s.), şikayətlər və obyektiv müayinələrin nəticələrinə əsasən qoyulur. Xəstəliyin törədicisini təyin etmək üçün sidik  kanalı, uşaqlıq yolu və uşaqlıq boynundan götürülən yaxmanın müayinəsi və bakterioloji əkilmə məqsədəuyğundur.

Ultrasəs diaqnostika uşaqlıq artımlarının iltihabi törəmələrini (hidrosalpinks, piosalpinks) təyin edir. İrinli törəmələrin aşkarlanması və uşaqlıq borularının müayinəsi ilə yanaşı boşluqdaxili müalicəvi prosedurların aparılması məqsədilə laporoskopiya  tətbiq edilir.

Xroniki adneksit zamanı uşaqlıq borularının keçiriciliyini və onlarda gedən patoloji dəyişikliklərin ifadə dərəcəsini təyin etmək üçün histerosalpinqoqrafiya – kontrast maddə yeritməklə uşaqlıq və uşaqlıq artımlarının rentgenoloji müayinəsindən istifadə olunur. Aybaşı siklinin pozulmalarında yumurtalıqların fəaliyyətinin qiymətləndirilməsi üçün funksional testlər (rektal hərarətin ölçülməsi, bəbək simptomu və servikal seliyin dartılması) aparılır.

Kəskin adneksit

Kəskin adneksitin əlamətləri

Adneksitin kəskin forması xarakterik klinik simptomlar: qarnın aşağı hissəsində kəskin xarakterli, anal dəlik və büzdüm nahiyəsinə irradiasiya edən, iltihab sahəsində daha intensiv olan ağrı, əksər hallarda titrətmə ilə müşayiət olunan yüksək hərarət, irinli və ya selikli ifrazat, halsızlıq, zəiflik, dizurik dəyişikliklər, qarında köp əlamətləri ilə təzahür edir. Qarnın palpasiyası zamanı əzələ müdafiəsi əlamətləri (peritonun qıcıqlanması) aşkar olunur. Qan formulasında sola meylli leykositoz, EÇS-nin artması müşahidə olunur.

Əksər hallarda uşaqlıq artımlarının ikitərəfli iltihabı uşaqlığın iltihabı ilə müştərək inkişaf edir. Adneksit alqomenoreya və menorragiya  ilə müşayiət oluna bilər. İltihabi dəyişikliklərin artması zamanı uşaqlıq artımları nahiyəsində kisəşəkilli irinli törəmələr-tuboovarial abses əmələ gəlir. Absesləşmə mərhələsində fallop borularının partlaması nəticəsində irinli möhtəviyyatın qarın boşluğuna tökülərək, pelvioperitonit yaratma riski mövcuddur. Adneksitin kəskin fazasında güclü intoksikasiya zamanı sinir, damar sistemlərində də dəyişikliklər yarana bilər. Kəskin adneksitin ağırlaşmamış formasında nəzərəçarpan əlamətlər 7-10 gün müddətində davam edir, sonra isə tədricən ağrı hissi zəifləyir, qanın formulası və bədən temperaturu normallaşır. Uşaqlıq artımlarının kəskin iltihabı sağala (vaxtında aparılan adekvat müalicə zamanı) və ya  xroniki formaya keçə bilər.

Kəskin adneksitin mərhələləri

Kəskin adneksitin inkişafında dörd ardıcıl mərhələ qeyd olunur:

  • Kiçik çanaq peritonun qıcıqlanma əlamətlərinin rast gəlinmədiyi kəskin endometrit və salpingit mərhələsi;
  • Kiçik çanaq peritonun qıcıqlanma əlamətləri ilə müşayiət olunan kəskin endometrit və salpingit mərhələsi;
  • Kəskin adneksitin iltihabi konqlamerat və absesləşmə ilə müşayiət olunan mərhələsi;
  • Tuboovarial absesin partlaması.

Kəskin adneksitin gedişi 2 fazadan ibarətdir:

  1. Toksiki – aerob flora və intoksikasiya əlamətlərinin üstünlük təşkil etməsi;
  2. Septiki – anaerob floranın qoşulması, adneksit əlamətlərinin kəskinləşməsi və ağırlaşmaların yaranması. Septiki fazada perforasiya təhlükəsi olan irinli tuboovarial törəmə formalaşır.

Kəskin adneksitin müalicəsi

Uşaqlıq artımlarının iltihabının kəskin mərhələsində müalicə stasionar şəraitdə aparılır. Xəstənin fiziki və psixoloji rahatlığı təmin olunur. Asan həzm olunan pəhriz, adekvat miqdarda maye (qələvi içkilər, mors, çay) qəbulu təyin edilir,  ifrazat sisteminin funksiyasına nəzarət olunur. Kəskin adneksit zamanı geniş təsir spektrinə malik antibakterial preparatlar, ağrıkəsici, iltihabəleyhinə, desensibilizə edici vasitələrdən istifadə olunur. Adneksitin terapiyasında əsas vasitə antibiotiklərdir, bu zaman törədicinin preparata qarşı həssaslığı mütləq nəzərə alınmalıdır. Antibakterial preparatın dozası iltihab ocağında onun maksimal konsentrasiyasını təmin etməlidir. Uşaqlıq artımlarının iltihabının müalicəsində aşağıdakı qrup antibiotiklərdən geniş istifadə olunur:

  • Penisillinlər (ampisillin, oksasillin);
  • Tetrasiklinlər (doksasiklin və tetrasiklin);
  • Flüorxinolonlar (ofloksasin və s.);
  • Makrolidlər (azitromisin, eritromisin, roksitromisin);
  • Aminoqlikozidlər (kanamisin, gentamisin);
  • Nitroimidazollar (metronidazol);
  • Linkozamidlər (klindamisin).

Adneksitin antibakterial terapiyasında yarımparçalanma və xaricolma müddəti uzun olan antibiotiklərə (ampisillin – 5 saat, amoksosillin – 8 saat və s.) üstünlük verilir. Xəstəliyin ağır kliniki gedişi, septiki ağırlaşmaların inkişaf riski, qarışıq və ya anaerob flora zamanı müxtəlif kombinasiyalı antibiotiklər (gentamisin+levomisetin, klindamisin+xloramfenikol, linkomisin + klindamisin, penisillin+aminoqlikozid) təyin olunur. Anaerob floraya bakteriosid təsir metronidazol vasitəsilə (damardaxili və ya peroral) həyata keçirilir. Adneksit zamanı intoksikasiya əlamətlərinin aradan qaldırılması üçün infuzion terapiya: qlükoza, dekstran, zülal preparatları, su-düz məhlulları (mayenin gündəlik həcmi 2-2,5 l/gün -ə qədər) təyin olunur.

İltihabın irinli formalarının inkişafı cərrahi müalicəyə göstərişdir. Hal-hazırda cərrahi ginekologiya sahəsində xəstəliklərin, o cümlədən adneksitin müalicəsi zamanı az travmatik cərrahi əməliyyatlardan istifadə olunur. Kəskin irinli adneksitlərdə aparılan laporoskopiya zamanı irin təmizlənilir, iltihab ocağı antiseptik və antibiotiklərlə yuyulur. Kisəşəkilli törəmələrin möhtəviyyatının evakuasiyası, uşaqlıq yolu tağlarının punksiyası həyata keçirilir, həmin nahiyəyə antibiotiklər yeridilir. Uşaqlıq artımlarının irinli iltihabının bəzi halları (böyrək çatışmazlığı, absesin partlama təhlükəsi, septiki prosesin generalizasiyası) onların cərrahi yolla xaric olunmasına (adneksektomiya) göstərişdir.

Adneksitin kəskin əlamətləri aradan qaldırıldıqdan sonra yarımkəskin fazada fizioterapiya (ultrasəs, qarnın aşağı hissəsinin maqnezium, kalium, sink ilə elektroforezi, vibromasaj) və biostimulyatorlar təyin olunur. Kəskin adneksit vaxtında müalicə olunmadıqda periodik ağırlaşmalarla müşayiət olunan xroniki formaya keçir.

Xroniki adneksit

Xroniki adneksitin əlamətləri

Xroniki adneksit kəskin forma zamanı düzgün müalicə aparılmadıqda inkişaf edir, xəstəlik qeyri-spesifik faktorların (stress halları, soyuqdəymə, yorğunluq və s.) təsirindən yaranan residivlərlə müşayiət olunur. Xroniki prosesin ağırlaşma mərhələsi ümumi halın pisləşməsi, halsızlıq, qarnın aşağı nahiyəsində ağrı, bədən temperaturunun 37-38° qədər yüksəlməsi, cinsi yollarda selikli-irinli ifrazatın mövcüdluğu ilə təzahür edir.

5-7 gün sonra adneksit əlamətləri, qarın nahiyəsində sızıltılı və ya küt ağrı istisna olmaqla, tədricən sönməyə başlayır. Xroniki adneksitli xəstələrin 50%-də aybaşı siklinin qısamüddətli və ya davamlı pozulmalarına (menorragiya, metrorragiya, alqomenoreya, nadir hallarda oliqomenoreya) rast gəlinir. 35-40% xəstələrdə cinsi funksiyanın pozğunluqları (cinsi akt zamanı ağrı, cinsi istəyin azalması və ya olmaması və s.) müşahidə olunur. Uşaqlıq artımlarının xroniki iltihabı zamanı həzm sistemi orqanları (kolit və s.) və sidik-ifrazat sistemin (sistit, bakteriuriya, pielonefrit) fəaliyyəti pozulur. Adneksitin tez-tez təkrarlanan residivləri qadınlarda nevrozların yaranması, əmək qabiliyyətinin azalması, ailədaxili münasibətlərin korlanmasına gətirib çıxarır.

Xroniki adneksitin gedişi

Xroniki adneksitin ağırlaşmaları iki variant üzrə inkişaf edə bilər:

  • İnfeksion-toksiki – uşaqlıq artımlarında patoloji sekresiya, ekssudativ proseslərin, ağrının artması, qan formulasında dəyişikliklər;
  • Neyro-vegetativ – əhvalın pisləşməsi, əmək qabiliyyətinin azalması, emosional fonun qeyri-stabilliyi, damar və endokrin sistemin pozğunluqları.

Xroniki adneksitin ağırlaşmaları

Uşaqlıq artımlarının xroniki residivləşən iltihabı çox zaman hamiləliyin patoloji sonluqla (uşaqlıqdan kənar hamiləlik, spontan düşüklər) bitməsinə və ikincili sonsuzluğa səbəb olur. Xroniki adneksit zamanı sonsuzluq nəinki uşaqlıq borularının anatomik və funksional dəyişiklikləri, həm də yumurtalıqların funksiyasının pozulması (menstrual siklin pozulmaları, anovulyasiya və s.) ilə bağlıdır. Uşaqlıq artımlarının iltihabı nəticəsində yaranan sonsuzluğun bu cür qarışıq formaları müalicəyə çətin tabe olur.

Xroniki adneksit zamanı infiltratların formalaşması, uşaqlıq borularında sklerotik proseslərin inkişafı, fallop borularının keçməməzliyi, yumurtalıqlar ətrafında bitişmə proseslərinin yaranması müşahidə olunur. Adneksit zamanı xroniki ocaqdan infeksiya digər orqanlara yayılaraq, xroniki kolit, xolesistit, pielonefritin yaranmasına səbəb olur.

Xroniki adneksitin müalicəsi

Xroniki adneksitin ağırlaşma mərhələsində kəskin prosesə uyğun müalicəvi tədbirlər (hospitalizasiya, antibakterial, infuzion, desensibilizəedici terapiya, vitaminlər) aparılır. Kəskinləşmə dövrü bitdikdən sonra laborator və klinik göstəricilərə nəzarət etməklə autohemoterapiya, aloe inyeksiyaları, fizioterapiya (UB – şüalanma), dərman preparatları (lidaza, kalium, yod, maqnezium, sink) ilə elektorforez təyin olunur.

Uşaqlıq artımlarının iltihabı zamanı aparılan fizioterapevtik prosedurlar sorucu və ağrıkəsici təsirlərə malik olub, toxuma ekssudasiyasını azaldır, bitişmə proseslərinin yaranmasını azaldır. Xroniki iltihab zamanı müalicəvi palçıq (ozokerit), parafinoterapiya, müalicəvi vannalar və uşaqlıq yolunun natrium-xlorid, sulfidlərlə zəngin mineral sularla yuyulması effektivdir. Adneksitin davamlı remissiya mərhələsində kurort müalicəsi məsləhət görülür.

Adneksit zamanı pəhriz

Uşaqlıq artımlarının iltihabı zamanı pəhrizə riayət olunması orqanizmin infeksion agentlərə qarşı müqavimətini mökhəmləndirir, iltihab ocağında mübadilə proseslərini yaxşılaşdırır. Adneksitin kəskin və yarımkəskin mərhələsində yumurta zülalı, göbələk, şokolad, şirniyyat və s. məhsullar istisna edilməklə, xörək duzu və karbohidratların miqdarını məhdudlaşdıran hipoallergik pəhriz təyin olunur. Gündəlik rasionun ümümi kaloriliyi 100q zülal, 70 q yağ, 270-300q karbohidratlardan (gün ərzində 2300 kkal) ibarətdir. Adneksit zamanı qidanın termiki işlənməsi – qaynatma və buğlama məsləhət görülür.

Remissiya dövründə ciddi pəhrizə ehtiyac olmur, sadəcə zülal və vitaminlərin üstünlük təşkil etdiyi rasional, balanslaşdırılmış qidalanma tövsiyə olunur.  

Adneksitin profilaktikası

Xəstəliyin risk qrupuna cinsi infeksiyalardan əziyyət çəkən, uşaqlıqdaxili kontraseptivlərdən istifadə edən, reproduktiv orqanlarında cərrahi əməliyyat aparılan, habelə hamiləliyi süni və ya spontan abortlarla sonlanan qadınlar daxildir.

Adneksitin profilaktik tədbirləri aşağıdakılardır:

  • Kəskin adneksitin yaranmasına və uşaqlıq artımlarının xroniki iltihabının residivləşməsinə səbəb olan amillərin aradan qaldırılması (soyuqdəymə halları, stresslər, cinsi infeksiyalar, spirtli içkilər, kəskin qidalar və s.);
  • Rasional kontrasepsiyanın istifadəsi, abortların profilaktikası;
  • Ehtiyac olduqda – hamiləliyin medikamentoz üsulla pozulması;
  • Törədici nəzərə alınmaqla kiçik çanaq orqanları, o cümlədən uşaqlıq artımlarının iltihabi xəstəliklərinin vaxtında aparılan, rasional, tam kompleksşəkilli terapiyası;
  • Hər 6-12 aydan bir ginekoloji müayinədən keçmək.
error: Content is protected !!