Prediabet

0

Prediabet– diabetlə şəkərin normal mənimsənilməsi arasında aralıq bir vəziyyət olub, orqanizmdə insulin sintezinin və/və ya hüceyrələrin insulinə həsasslığının azalması ilə xarakterizə olunur. Əsas simptomları- susuzluq, sidiyə çağırışların artması, çəkinin kəskin azalması, gecə qıcolmaları, yuxusuzluq, istilikbasma, miqren, qaşınmadır. Prediabet diaqnozu qanda qlikohemoqlobinin miqdarına və aclıq və karbohidrat yüklənməsindən sonrakı şəkərin səviyyəsinə əsasən qoyulur. Müalicəsi- az karbohidratlı pəhriz və fiziki aktivliyin artırılması ilə yanaşı hipoqlikemik preparatların qəbuluna əsaslanır.

Prediabet haqqında ümumi məlumat

Şəkərli diabet kliniki endokrinologiyada ən geniş yayılmış xəstəliklərdən biridir. Vaxtında diaqnoz qoyulmadıqda və müalicəsi düzgün aparılmazsa əlillik və letal nəticə ehtimalı yüksək olan xəstəliklərdəndir. Xəstəliyin yaranma riskinin əsas göstəricisi qida qəbulundan dərhal sonra qanda şəkərin normadan yüksək olmasıdır. Belə hallarda müalicə həkimi prediabet (preddiabet, latent diabet) diaqnozu qoyur. Bu hal aralıq vəziyyətlərə aid edilir. Patoloji hal hələ tam formalaşmayıb, qidalanmanı və fiziki aktivliyi tənzimləməklə diabetin qarşısını almaqhələ ki, mümkündür. Statistik məlumatlara əsasən ABŞ əhalisinin 30-40%-i prediabetdən əziyyət çəkir. Patologiya uşaqlar və böyüklər, eləcə də qadınlar və kişilər arasında eyni tezlikdə rast gəlinir.

Prediabetin yaranma səbəbləri

Mübadilə pozğunluğuna səbəb olan faktorlar geridönməz və geridönən olmaqla 2 qrupa bölünür. Birinci qrup amillər irsi və etnik xüsusuiyyətlərlə, ikinci qrup isə həyat tərzi, yanaşı xəstəliklərlə əlaqəlidir. İki və daha çox amil aşkarlanan şəxslər ikinci tip diabet üçün risk qrupuna daxildirlər. Prediabetin ən çox öyrənilmiş səbəblərinə aşağıdakılar daxildir:

  • Artıq çəki. Piy toxuması hüceyrələrin insulinə həssaslığını zəiflədir, nəticədə şəkərin mənimsənilməsi zəifləyir. Bədən kütlə indeksi (BKİ) 25-dən yuxarı olan şəxslərdə prediabetin yaranma ehtimalı yüksəkdir.
  • Hipodinamiya. Hərəki aktivliyin az olması bütün orqan və sistemlərin, eləcə də endokrin sitemin işinə mənfi təsir göstərir. Mədəaltı vəzinin iş qabiliyyəi zəifləyir.
  • Düzgün qidalanmamaq. Prediabetin formalaşmasında yüksək miqdarda rafinəolunmuş şəkərin istifadəsi mühüm rol oynayır. Bu halda orqanizm karbohidratların mənimsənilməsi üçün yetərli miqdarda ferment və hormonlar sintez edə bilmir.
  • Somatik xəstəlikər. Autoimmun xəstəliklər, endokrin sistemin patologiyaları, xroniki ürək, damar, qaraciyər və böyrək xəstəlikləri zamanı şəkərin mənimsənilməsi pozulur. Çox hallarda arterial hipertoniya, yumurtalıqların polikistozu olan xəstələrdə prediabet müşahidə olunur.
  • Dərman maddələrinin qəbulu. Diabetogen vasitələrin qəbulu patologiyaya səbəb olur. Xüsusilə hormonal preparatlar, əsasən də kortiokosteroidlərin və hamiləlikəleyhinə vasitələrin qəbulu prediabetə səbəb ola bilər.
  • Hamiləlik. Hestasion diabet zamanı qida qəbulundan sonra hiperqlikemiya çox rast gəlinir. Həmçinin, 4 kq çəkidən böyük döllə hamiləlik zamanı da risk yüksəkdir.
  • İrsi meyllik. Qlükozaya tolerantlıq rastlanan şəxslərdə ailədə şəkərli diabet xəstələrinə rast gəlinir. Ailə üzvlərinə irsi meylliyi aşkarlamaq üçün profilaktik müayinələr məsləhətdir.
  • Etnik meyllik. Diabet daha çox Amerika və Asiya ölkələri xalqları arasında geniş yayılmışdır. Prediabet isə yerli amerikanlar, afro-amerikanlar,latın-amerikanlar, Mərkəzi və Cənub Şərqi Asiya xalqları arasında geniş yayılmışdır.

Prediabetin patogenezi

İnsulin- mədəaltı vəzinin sintez etdiyi hormondur. O, qandakı qlükozanın toxumalar tərəfindən mənimsənilməsini təmin edir ki, toxumalar da ondan enerji kimi istifadə edirlər. Sağlam insanlarda mədədən qlükozanın qana keçməsi insulin sintezini stimulə edir. Qlükoza toxumalara daxil olur və bir neçə saatdan sonra plazmada qlükozanın səviyyəsi azalır. Bu vaxt qanda qlükozanın səviyyəsi 7,8 mmol/l olur. Şəkərli diabet xəstələrində qanda şəkərin miqdarı normal hədlərə düşmür, 11,1 mmol/l və ya daha yüksək səviyyədə qalır. 7,9-11 göstəricisi aralıq göstərici hesab olunur və prediabetin göstəricisidir. Qlükozanın toxumalar tərəfindən mənimsənilməsinin pozulmasına 2 səbəb ola bilər- insulin sintezinin azalması və ya insulinə həssaslığın zəifləməsi (rezistentliyin artması). Hər iki halada kliniki olaraq gizli keçən, lakin laborator müayinələr zamanı aşkarlana bilən prediabet dövrü olur.

Prediabetin simptomları

Bir çox hallarda patologiya simptomsuz keçir. Diaqnoz laborator müayinələr zamanı təsadüfən qoyulur. Bəzən, diabetin ilkin dövrlərinə xarakterik simptomlar müşahidə oluna bilər, hansılar ki, qeyri-requlyar və zəif nəzərə çarpan əlamətlər olur. Furunkulyoz, diş diblərinin qanaması, parodontoz və dişlərin laxlaması müşahidə oluna bilər. Dəri və ya genital nahiyyədə qaşınma, dəridə quruluq, yara və çapıqların gec sağalması, menstrual tsiklin pozulması, amenoreya, cinsi zəiflik yarana bilər.

Qlükoza mübadiləsinin pozulması orqanizmdə hormonal sistemin disbalansına səbəb olur ki, nəticədə iştahanın, termorequlyasiyanın, ruxu rejiminin, əhval-ruhiyyənin pozulması meydana çıxır. Yuxusuzluq, gecə tez-tez oyanmaq, istilikbasmalar xarakterik əlamətlərdir. Şəkərin normadan yüksək olması qanın qatılaşmasına və damarlarda -xüsusilə də xırda kapillyarlarda axınının zəifləməsinə səbəb olur ki, nəticədə görmə qabiliyyəti zəifləyir, başda və ətraflarda ağrılar meydana çıxır. Bu halda orqanizmin qanı durulaşdırmaq üçün daha çox mayeyə ehtiyacı yaranır -susuzluq hissi artır, sidik ifrazı çoxalır. Qlükozanın səviyyəsi 5,5-6,0 mmol/l olduqda bu əlamətlər aradan qalxır.

Prediabetin ağırlaşmaları

Şəkərin səviyyəsinə nəzarət olmadıqda şəkərli diabet formalaşır. ÜST-ün (Ümumidünya Səhiyyə Təşkilatı) məlumatına əsasən il ərzində təxminən 2 mln insan şəkərli diabet və onun ağırlaşmaları səbəbindən ölürlər. Düzgün müalicə tədbirləri aparılmazsa nefropatiya, retinopatiya, hipoqlikemiya, ketoasidoz, trofiki xoralar, ətrafların amputasiyası ilə nəticələnən diabetik qanqrena yarana bilər. Diabet bədxassəli neoplazmaların yaranmasına, korluğa, insult və miokard infarktına, böyrək çatışmazlığının yaranmasına və ağırlaşmasına səbəb ola bilər.

Prediabetin diaqnostikası

Prediabetin aşkarlanması simptomların zəifliyi və heç olmaması səbəbindən çətin olur. Diaqnoz həkim-endokrinoloq tərəfindən qoyulur. İlkin olaraq ətraflı anamnez (məlumat) toplanır- pasiyentin həyat tərzi, fiziki aktivlik dərəcəsi, qidalanması, yanaşı somatik xəstəliklərin və ŞD-ə irsi meyilliyin olub-olmaması aşkarlanır. Xarakterik simptomlar olduqda prediabetlə şəkərli diabetin differensiasiyası aparılır. Karakterik diaqnostik meyarlara 3 laborator test daxildir:

  • Aclıq qlükozanın təyini. Sonuncu qida qəbulundan 8 saatdan az olmayaraq vaxt keçdikdən sonra kapillyar və ya venoz qanda şəkərin miqadarı təyin olunur. Venoz qanda normal göstərici (mmol/l-lə)- 3,5-5,5, prediabetdə- 5,6-6,9, şəkərli diabetdə isə- 7.0 və daha yüksək olur.
  • Şəkərə tolerantlıq testi. Qanda şəkərin miqdarı 2 dəfə- 8-12 saat aclıqdan sonra və şəkər yükündən 2 saat sonra yoxlanılır. İkinci testdə nəticə 7,8 mmol/l-dən yüksək deyilsə normal, 7,9-11,0 mmol/l-sə aralıq vəziyyət, 11,1 mmol/l və ya daha yüksəkdirsə şəkərli diabeti göstərir.
  • Qlikolizəolunmuş hemoqlobin (HbA1C). təxminən 3 ay ərzindəki şəkərin orta göstəricisi təyin olunur. 6,5%-dən aşağı göstəricilər normal, 6,6% və daha yüksək nəticələr isə aralıq və ya patoloji göstəricilər hesab olunur.

Prediabetin müalicəsi

Müalicənin əsasında pasiyentin həyat tərzini dəyişməsi başlıca rol oynayır. Daha yüksək nəticələr əldə etmək üçün düzgün qidalanma rejiminin təyini, çox yük olmadan, lakin davamlı fiziki aktivlik şərtdir. Mütəxəssislərin səylərinə baxmayaraq müalicə tədbirlərinin effektivliyində pasiyentin şəxsi inisiativi daha böyük rol oynayır. Müalicə tədbirlərinə aiddir:

  • Pəhriz. Qidalanma rejimi psiyentə individual olaraq tərtib olunur. Müəxəssislər qida porsiyalarını azaltmaq şərtilə 4-5 dəfədən az olmayaraq qidalanma rejimini məsləhət görürlər. Menyudan sadə karbohidratlar -şirniyyatlar və şəkər tərkibli içəcəklər çıxarılır. Gündəlik kalori qəbulu azaldılır. Az yağlı, liflərlə və zülalla zəngin qidalar- tərəvəzlər, göbələk, balıq, dəniz məhsulları, yağsız ət, yumurta, süd, pendir məsləhət görülür. Qidaların buğda və ya sobada bişirilməsi məsləhət görülür. Duzun nisbətən az qəbul olunması və maye qəbuluna diqqət etmək böyük əhəmiyyət kəsb edir.
  • Fiziki aktivlik. Fiziki aktivliyi tədricən artırmaq məsləhət görülür. Ürək ritmini ədricən artıran, damarlarda qan axınının sürətlənməsini təmin edən, yağların, qlikogenin və qlükozanın aerob oksidləşməsini stimuləedən fiziki aktivlik sxemi təyin edilir. Belə aktivliklər ürək-damar sisteminin ümumi vəziyyətini yaxşılaşdırır, çəkinin azalmasına yardımçı olur. Fiziki aktivlik növü individual təyin olunmalı, pasiyentin sağlamlıq vəziyyətinə və istəyinə uyğun olaraq seçilməlidir. Əksər pasiyentlər aktiv yürüyüş və ya velosiped sürmək, ritmli yürümə, üzgüçülük; əks göstərişlər yoxdursa sürətli qaçış, konki sürmək, tennis, qrup oyunları, idman zallarında məşq etməyə üstünlük verirlər.
  • Dərman preparatları ilə tənzimləmə. Bir çox hallarda endokrinoloq hüceyrələrin insulinə həssaslığını artırmaqla qanda qlükozanın səviyyəsini aşağı salan hipoqlikemik preparatlar təyin edirlər. Pəhriz və fiziki aktivlik istənilən nəticə vermədikdə medikamontoz terapiya təyin olunur. Bu üsulun çatışmazlığı ondadır ki, orqanizm passivləşir, öz ehtiyatları hesabına metabolik pozğunluğu aradan qaldırmağı dayandırır. Nəticədə, hipoqlikemik preparatlardan asılılıq formalaş bilir.

Prediabetin proqnozu və profilaktikası.

Prediabet dinamik gedişə malik olduğundan geridönən ola bilər. Belə ki, orqanizmin şəkərin səviyyəsinin yüksəlməsinə qarşı tədbirlər görməyə hələ imkanı vardır. Prosesi geridönən etmək üçün ilk növbədə qidalanma rejimini tənzimləmək: sadə karbohidratların və yağların qəbulunu azaltmaq, kalori miqdarına nəzarət etmək, qidanı xırda porsiyalara bölərək qəbul etmək lazımdır. Gündəlik həyat ritminə davamlı idman hərəkətləri və ya yarım saat piyada gəzinti daxil edilməlidir. Risk qrupuna daxil olan şəxslərə periodik olaraq şəkər və xolesterinin miqdarını müayinə etmək, arterial təzyiq və çəkiyə nəzarət məsləhətdir.

Leave A Reply