Uşaqlarda anemiya

Uşaqlarda anemiya – qanın vahid həcmində eritrositlərin miqdarının və hemoqlobulinin konsentrasiyasının azalması ilə xarakterizə olunan hemolitik sindromdur. Uşaqlarda anemiyanın müxtəlif formalarında ümumi zəiflik, tez yorulma, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, ürəkdöyünmə qeyd olunur. Diaqnoz kliniki və laborator göstəricilərə (qanın ümumi analizi; bilirubin, qan serumda zülalların, qan serumunun ümumi dəmir birləşdirmə qabiliyyətinin təyini; sümük iliyi punktatının müayinəsi və s.) əsasən qoyulur. Anemiyanın müalicəsinin ümumi prinsipləri rasional qidalanmanın təşkili, vaxtında əlavə qidalanmaya keçirilmə, vitaminoterapiya, dəmir preparatlarının qəbulu, fizioterapiya (gimnastika, massaj, UBŞ-ultrabənövşəyi şüalanma) və göstəriş olarsa, hemotransfuziyanın aparılmasından ibarətdir.

Uşaqlarda anemiya barədə ümumi məlumat

Uşaqlarda anemiya (qan azlığı) – uşağın qanında eritrositlərin və hemoqlobulinin azalması ilə müşayiət olunan patoloji vəziyyətdir. Bu, pediatriyada çox geniş yayılmış xəstəlikdir. Anemiya diaqnozu qoyulmuş uşaqların təxminən 40%-i 3 yaşa qədər, 30%-i pubertat dövründə olan; qalanları isə müxtəlif yaş dövrünə mənsub uşaqlardır.

Uşaqlarda anemiyanın inkişafı, adətən, onların orqanizminin intensiv böyüməsi, eritropoez prosesinin aktivliyi, formalı elementlərin və sirkulyasiya edən ümumi qanın miqdarının proqressiv artması ilə əlaqəlidir. Bununla yanaşı, uşaqlarda qanyaranma aparatı tam formalaşmamışdır və müxtəlif təsirlər qarşısında acizdir. Qanyaranmanın normal gedişatı üçün külli miqdarda dəmir, zülal, vitaminlər və mikroelementlər tələb olunur. Buna görə də qidalanmada olan istənilən xətalar, infeksiyalar, sümük iliyinə toksiki təsirlər uşaqlarda anemiyanın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan həyatının 2-ci yarımilində olan, neonatal dəmirləri tükənmiş uşaqlar daha həssasdır. Uşaqlarda uzun müddət mövcud olan anemiya hipoksiya, dərin toxuma və orqan pozulmaları ilə müşayiət olunur. Anemiyalı uşaqlar həmyaşıdları ilə müqayisədə fiziki və zehni inkişafdan geri qalır, tez-tez interkurrent xəstəliklərdən əziyyət çəkir, xroniki patoloji proseslərin və müxtəlif ağırlaşmaların inkişafına meyilli olur.

Uşaqlarda anemiyanın səbəbləri

Uşaqlarda anemiyanın inkişafına səbəb olan faktorlar antenatal, intranatal və postnatal olmaqla 3 qrupa bölünür.

Аntenatal faktorlar bətndaxili inkişaf dövründə təsir göstərir. Uşağın qanyaranma prosesinin normal keçə bilməsi üçün orqanizm hamiləlik dövründə anadan kifayət qədər (təxminən 300 mq) dəmir alıb toplamalıdır. Dəmirin hamilədən dölə daha intensiv   ötürülməsi və depolanması hestasiyanın 28-32-ci həftələrində baş verir. Hamiləliyin bu dövrünün normal gedişinin pozulması (hestozlar, fetoplasentar çatışmazlıq, spontan abort təhlükəsi, plasentanın vaxtından əvvəl soyulması, qansızma, ananın infeksion xəstəlikləri, xroniki proseslərin fəsadlaşması) dəmir mübadiləsinin pozulmasına və onun uşaq orqanizmində qeyri-kafi toplanmasına gətirib çıxarır.

Əgər qadın hamiləlik dövründə anemiyadan əziyyət çəkibsə, uşaqda da anemiya inkişaf edir. Vaxtından əvvəl doğuşlar uşaqlarda doğuşdan və ya həyatının təxminən 3-cü ayından etibarən anemiyanın meydana çıxamasına gətirib çıxarır. Yenidoğulmuşun anemiyası çoxdöllü hamiləlik nəticəsində də inkişaf edə bilər.

Uşaqlarda anemiyanın yaranmasına səbəb olan intranatal faktorlar başlıca olaraq doğuş zamanı qanitirmə ilə bağlıdır. Qanitirməyə plasentanın vaxtından əvvəl soyulması, göbək ciyəsinin erkən və ya gec bağlanması, göbək ciyəsi qalığının qeyri-düzgün işlənməsi nəticəsində qansızma, akuşer travmaları səbəb olur.

Uşaqlarda anemiyanın postnatal faktorları doğumdan sonrakı faktorlar olub ekzogen və endogen olmaqla ayrılır. Endogen anemiyanın səbəbi yenidoğulmuşun hemolitik xəstəliyi nəticəsində eritrositlərin zədələnməsi, hemoqlobulin sintezinin anomaliyaları, sümük iliyinin birincili konstitusional çatışmazlığı ola bilər.

Uşaqlarda ekzogen anemiya daha çox alimentar səbəblərlə bağlıdır. Bu anemiya əsasən uşağın həyatının birinci ilində, südlə birtərəfli qidalanma nəticəsində inkişaf edir. Erkən yaşlı uşaqlarda anemiya ananın südündə dəmirin kifayət qədər olmaması; uşağın süni və ya qarışıq qidalanmaya erkən və əsaslandırılmamış keçirilməsi; adaptəolunmamış süni qidalar, inək və keçi südü ilə qidalanma; əlavə qidalanmaya gec keçilməsi zamanı yaranır. Yarımçıq doğulmuş və artıq bədən çəkisi ilə doğulmuş uşaqlar daha çox dəmir qəbuluna ehtiyac duyur.  Buna görə də dəmirin qəbulu ilə sərfi arasında disbalans da həyatın birinci ilində anemiyanın səbəbi ola bilər.

Uşaqlarda anemiya müntəzəm qan itkisi hesabına da meydana çıxa bilər: tez-tez burun qanamaları, qan xəstəlikləri (hemofiliya, Villebrand xəstəliyi), menorragiya, postoperativ mədə-bağırsaq qanamaları. Qida allergiyalı, eksudativ diatezli, neyrodermitli uşaqlarda dəri epiteli vasitəsilə dəmir itkisi yüksəlir. Buna görə də belə uşaqlar dəmirdefisitli anemiyanın inkişafı üçün risk qrupunu təşkil edirlər.

Dəmir itkisindən başqa onun sorulma və mübadilə pozulmaları da anemiyanın inkişafına gətirib çıxara bilər. Bu cür pozulmalar, adətən, malabsorbsiya sindromu (hipotrofiya, raxit, laktaza çatışmazlığı, seliakiya, mukovisidozun bağırsaq forması və s.) zamanı müşahidə olunur. Uşaqlarda anemiya istənilən infeksion və ya xroniki somatik xəstəlik (vərəm, bakterial endokardit, bronxoektatik xəstəliklər, pielonefrit və s.) nəticəsində də inkişaf edə bilər.

B qrup vitaminlərin defisiti, mikroelementlər (maqnium, mis, kobalt), qeyri-düzgün gigiyenik şərait, ana südü ilə qidalanan uşaqlarda 5-6 ayından etibarən, endogen dəmir ehtiyatının tükənməsi uşaqlarda anemiyanın inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Uşaqlarda anemiyanın təsnifatı

Etiopatogenezindən asılı olaraq anemiya aşağıdakı qruplara bölünür:

  1. Uşaqlarda posthemorragik anemiyalar – kəskin və ya xroniki qan itkisilə əlaqəli inkişaf edir.
  2. Hemopoezin pozulması nəticəsində meydana çıxan anemiyalar:
  • Dəmir defisitli (hipoxrom)
  • İrsi və qazanılmış sideroblast anemiya (sideroaxrestik – porfirin sintezinin defekti ilə əlaqəli)
  • Meqaloblast (B12–defisitli və fol turşusu defisitli)
  • İrsi və qazanılmış diseritropoetik
  • İrsi və qazanılmış hipoplastik və aplastik (qanyaranma prosesinin pozulması ilə əlaqəli).

3. Uşaqlarda irsi və qazanılmış hemolitik anemiya. Anemiyanın bu forması eritrositlərin parçalanmasının yüksəlməsi və qanparçalanma prosesinin qanyaranmanı üstələməsi (membranopatiyalar, fermentopatiyalar, hemoqlobinopatiyalar, autoimmun anemiyalar, yenidoğulmuşların hemolitik xəstəliyi və s.) ilə əlaqəli inkişaf edir.

Uşaqlarda anemiyanın simptomları

6 yaşa qədər uşaqlarda qanda hemoqlobulinin miqdarı normada 125-135 q/l; bu göstəricinin 110 q/l –dən (5 yaşa qədər) və 120 q/l-dən (5 yaşdan böyük) aşağı düşməsi anemiyadan xəbər verir.

Uşaqlarda anemiyanın gözlə görünən dəyişiklikləri dəri və dəri törəmələri tərəfindən özünü büruzə verir: dəri örtükləri solğun, quru, kəpəkli olur; dırnaqlar deformasiya olunur və tez qırılır; saçlar sağlam parıltısını itirir. Uşaqlarda anemiyanın xarakterik əlaməti Filatov simptomudur – işıq şüaları altında baxdıqda qulaq sırğalığının solğunluğudur.  Anemiyanın ağır formalarında ağzın künclərində, ovucda və ayağın altında çatlar yaranır; aftoz stomatit, qlossit inkişaf edir. Anemiyalı uşaqlar zəif, astenik olur, tez-tez KRVİ (kəskin respirator virus infeksiyaları), bronxit, pnevmoniya, kəskin bağırsaq infeksiyaları ilə xəstələnir.

Sinir sistemi tərəfindən hipoksiya, süstlük, ağlağanlıq,  sürətli tükənmə, başgicəllənmə, səthi yuxu, enurez müşahidə olunur. Əzələ tonusu azalır, uşaq fiziki yüklənməni pis yaşayır, yəni tez yorulur. Bir yaşına qədər uşaqlarda hipotrofiya qeyd olunur; psixomotor inkişafın reqresiyası baş verir.

Uşaqlarda anemiyalar zamanı ürək-damar sisteminin arterial hipotoniya, ortostatik kollaps, bayılma, taxikardiya, sistolik küy kimi funksional pozulmaları əmələ gəlir.

Anemiyalı uşaqlarda həzm sistemi tərəfindən daha çox qida qəbulundan sonra requrqitasiya və qusma, meteorizm, diareya və ya qəbizlik, iştahanın azalması; bəzən dalağın və qaraciyərin böyüməsi müşahidə olunur.

Uşaqlarda anemiyanın diaqnostikası

Uşaqlarda anemiyanın əsasını laborator analizlər təşkil edir. Anemiya zamanı qanın ümumi analizində hemoqlobulinin (Hb ˂ 120-110 q/l), Er (˂3,8х1012/l), Ht (<0,85) azalması aşkar olunur. Qanın biokimyəvi analizi serum dəmiri, transferrinin dəmirlə doyması, serumda ferritinin konsentrasiyası, bilirubin, vitaminlərin miqdarını təyin edir. Bəzən sümük iliyinin punksiyasının aparılması və müayinəsi tələb olunur.

Diaqnostika zamanı uşaqlarda anemiyanın forma və dərəcələri ayırd olunur. Axrıncı qiymətləndirmə eritrositlərin və hemoqlobulinin miqdarına əsasən aparılır:

  • yüngül dərəcəli anemiya – Hb 110-90 q/l, Er – ˂ 3,5х1012/l;
  • orta dərəcəli anemiya – Hb 90-70 q/l, Er – ˂ 2,5х1012/l;
  • ağır dərəcəli anemiya – Hb ˂ 70q/l, Er – ˂ 2,5х1012/l.

Göstərişlərə əsasən anemiyalı uşaqlar digər mütəxəssislərin (uşaq qastroenteroloqu, uşaq revmatoloqu, uşaq nefroloqu, uşaq ginekoloqu və s.) konsultasiyasına, mədə-bağırsaq traktının (EQDS, abdominal USM) və böyrəklərin (böyrəklərin USM-i) müayinəsinə ehtiyac duya bilər.

Uşaqlarda anemiyanın müalicəsi

Anemiya zamanı gün rejiminin və uşağın balanslaşdırılmış qidalanmasının düzgün təşkili, dərman terapiyası və ümumi gücləndirici tədbirlərin aparılması tələb olunur. Uşaqlara kiyayət qədər təmiz havada olmaq, tam yuxu tövsiyə olunur; gimnastika, massaj, UBŞ (ultrabənövşəyi şüalanma) təyin olunur.

Ana südü ilə qidalanan anemiyalı uşaqlar vaxtında əlavə qidalanmaya (şirələr, yumurta sarısı, tərəvəzlər, ət püresi) keçirilməlidir. Eyni zamanda uşağı qidalandıran qadının da qida rasionu korreksiya olunmalı, qadın polivitaminlər və dəmir preparatları qəbul etməlidir. Süni qidada olan uşaqlara adaptəolunmuş, dəmirlə zəngin, südlü süni qidalar təyin olunmalıdır. Böyük yaşlı uşaqların pəhrizi qaraciyər, mal əti, paxlalı bitkilər, göyərtilər, dəniz məhsulları, meyvə və tərəvəz şirələrindən ibarət olmalıdır.

Uşaqlarda anemiyanın medikamentoz müalicəsi klinik-laborator müayinələrin göstəriciləri (orta hesabla 6-10 həftə) normallaşanadək dəmir və polivitamin preparatlarının təyinindən ibarətdir. Ağır hallarda hemotransfuziya tələb oluna bilər.

Uşaqlarda anemiyanın profilaktikası və proqnozu

Uşaqlarda dəmir defisitli anemiyanın proqnozu kafidir. Vaxtında diaqnostika, düzgün təşkil olunmuş qidalanma, anemiyanın və onu müşayiət edən xəstəliklərin düzgün müalicəsi ilə tam sağalma əldə olunur. Ağır gedişli anemiya vaksinasiyanın təxirə salınması nəticəsində meydana çıxır.

Uşaqlarda anemiyanın profilaktikasının antenatal mərhələsi hamilənin tamdəyərli qidalanması, təmiz havada kifayət qədər olması, dəmir tərkibli mineral-vitamin komplekslərinin qəbulundan ibarətdir. Postnatal profilaktika ana südü ilə qidalanma, tövsiyə olunan vaxtda əlavə qidalanmaya keçirilmə, erkən yaşlarda rastlanan xəstəliklərin profilaktikası, uşağa qulluğun və onun üçün optimal rejimin yaxşı təşkili, risk qruplarında müalicəvi-profilaktik preventiv kursların aparılması ilə həyata keçirilir.

error: Content is protected !!