Qaşınma

Qaşınma- dəri, allergik, infeksion, metabolik, hematoloji, psixogen xəstəliklərin ən çox rast gəlinən simptomlarına daxildir. Lokal xarakter daşıya və ya dəri örtüyünün böyük sahəsini əhatə edərək yayılmış ola bilər. Qaşınma -dəridə dırnaq izləri və iltihab, səpgi, yüksək oyanıqlıq, yuxu pozğunluğu ilə müşayiət olunur. Dəri qaşınmasının etioloji faktorları dermatoloji baxış (lyuminessent diaqnostika, trixoskopiya), allerqoloji sınaq, laborator müayinələr, dəri biopsiyası ilə müəyyən olunur. Müalicə topik və sistem farmakoterapiya, fizioterapiya, psixoterapiyadan ibarətdir.

Qaşınma haqqında ümumi məlumat

Dəri qaşınması dermatoveneralogiya, allerqologiya, endokrinologiya, infektologiya və onkologiyanın ümumi aktual problemlərindəndir. Qaşınmanın bəzi formaları (anusun qaşınması, xayaların və vulvanın qaşınması) XBT-10 -da ayrıca nozoloji xəstəlik kimi mövcuddur. Qaşınma halları adətən qadınlarda müşahidə olunur. Əksər hallarda sosial-ekonomik status, depressiv hallar, daimi stress, hormonal dəyişikliklər dövrü (hamiləlik, klimaks) mühüm əhəmiyyət kəsb edir.

Gedişindən asılı olaraq qaşınma kəskin (qəfil, qısamüddətli) və xroniki (uzun müddətli, üzücü), zədələnmə sahəsinə görə lokal (yerli) və generalizəolunmuş (diffuz) ola bilər. Yaranma mexanizminə görə qaşınma aşağıdakı formalara bölünür:

  • pruritoseptiv (dəri xəstəliklərilə bağlı);
  • sistemli (ümumi xəstəliklər nəticəsində);
  • psixogen (psixi pozğunluqlarla əlaqədar);
  • neyrogen (sinir sisteminin zədələnməsilə əlaqədar).

Dəri qaşınmasının səbəbləri

Başın tüklü hissəsinin qaşınması

Tüklərin və baş dərisinin xəstəliklərilə əlaqədar yaranır. Dərinin dartılması hissi, epidermisin qabıqlanması (kəpək), saçların yağlanmasının artması, dəri yağlılığının həddən artıq olması, saçların kövrəkləşməsi, bəzən isə tökülməsilə müşayiət olunur. Baş dərisinin qaşınmasında düzgün seçilməmiş qulluq vasitələri (şampun, konsisioner, saç lakı) də provokator rolu oynaya bilər. Baş dərisinin qaşınmasının ən çox rast gəlinən səbəblərinə aiddir:

  • piy vəzilərinin patologiyaları: kəpək, seboreya (yağlı, quru, qarışıq);
  • parazitar xəstəliklər: baş pedikulyozu, demodekoz, bit, taxtabiti dişləməsi;
  • mikozlar: favus, trixofitiya, mikrosporiya;
  • saç telinin anomaliyaları: idiopatik trixoklaziya, düyünlənmiş saçlar:
  • autoimmun patologiyalar: psoriaz, sistem qırmızı qurdeşənəyi, sklerodermiya;
  • digər dermatozlar: qırmızı tüklü pullu dəmrov (Deverji xəstəliyi), baş dərisinin allergik dermatiti;
  • ümumi xəstəliklər: A vitamininin hipovitaminozu, ağır metallarla intoksikasiya, hipotireoz.

Bədənin qaşınması

Dəri qaşınmasına dermatoloji və sistem xəstəliklər səbəb ola bilər. Bəzi hallarda dərinin qaşınmasına səbəb elementar gigiyena qaydalarına (çimmək və vanna qəbul etmək, geyimin təmiz olması və.s) riayət olunmamasıdır. Digər tərəfdən, qaşınma infeksion və parazitər mənşəli olub, ətrafdakılar üçün yoluxucu ola bilər. Qaşınan dermatozlar adətən yaşlı şəxslərdə (senil qaşınma) və hamilələrdə müşahidə olunur.

Qaşınmaya səbəb ola biləcək dermatozlara aşağıdakılar daxildir:

  • iltihabi zədələnmələr: tər səpkiləri, seboreyalı dermatit, ekzema, çəhrayı yastı dəmrov, akne;
  • dəri infeksiyaları: herpes, piodermiyalar, follikulit, dermatofitiya;
  • akariazlar və entomozlar: qoturluq, demodekoz, pedikulyoz, insekt allergiya;
  • xroniki autoimmun dermatozlar: psoriaz, dermatomiozit, Dyurinqin herpesəbənzər dermatiti, pemfiqoid, vulqar pemfiqus;
  • allerqodermatozlar: övrə, pruriqo, allergik kontakt dermatiti, neyrodermit;
  • genodermatozlar: ixtioz, Darye xəstəliyi, Xeyli-Xeyli xəstəliyi;
  • dəri törəmələri: leykemidlər, Sezari sindromu, göbələkşəkilli mikoz və dərinin digər T-hüceyrə limfomaları.

Bütün bədənin qaşınmasına bir çox dərman preparatlarının qəbulu: AÇF inhibitorları, podaqraəleyhinə vasitələr, antiaritmik, hormonal preparatlar, opoidlər səbəb ola bilər. Xroniki qaşınma ilə müşayiət olunan sistem xəstəliklərinə daxildir:

  • endokrinopatiyalar: Şəkərli diabet, hipotireoz, tireotoksikoz;
  • hepatobiliar sistemin və böyrək xəstəlikləri: xolestaz, qaraciyər sirrozu, xroniki hepatitlər, XBÇ;
  • infeksiyalar: HİV, helmintozlar;
  • hematoloji xəstəliklər: mastositoz, leykoz, polisitemiya, meloma xəstəliyi, limfoqranulematoz;
  • psixi pozğunluqlar: Obsessiv-kompulsiv pozğunluqlar, depressiya, dermatozoy sayıqlama.

Gözlərdə qaşınma

Sadalanan dəri, infeksion və ümumi somatik patologiyaların istənilən birində göz qapaqları qaşına bilər. Lakin, gözlərin qaşınmasının əsas səbəblərinə oftalmoloji xəstəliklər və gözlərdə həddən artıq yorğunluq aiddir. Risk qrupuna kontakt linzalardan istifadə edənlər, gözlərin yetərli qorunmaması fonunda toz və ya kimyəvi maddələrlə kontaktda olanlar, allergiyalı və immunodefisitli xəstələr daxildirlər. Gözlərin qaşınma səbəblərinə aiddir:

Qaşınmanın diaqnostikası:

Qaşınma müxtəlif səbəblərdən yarandığı üçün diaqnoz qoyulmasında müxtəlif ixtisas həkimlərinən baxışı tələb olunur: dermatoloq, parazitoloq, trixoloq, allerqo-immunoloq, oftalmoloq, endokrinoloq. Toplanmış anamnez məlumatları, lokalizasiya, dəri elementlərinin (vezikul, papula, pustula, qabıq, ekskoriasiya, qartmaq) mövcudluğu qaşınmanın yaranma səbəbi haqqında ehtimal yürütməyə imkan verir. Ehtimal olunan etioloji faktora uyğun olaraq pasiyent aşağıdakı müayinələrdən keçirilir:

  • Baş dərisinə və tüklü hissəyə baxış: Vud lampası, dermatoskop, trixoskopla müayinə aparılır. Dəri elementlərinin, saçların vəziyyətinin vizualizasiyasına, parazitlərin aşkarlanmasına imkan verir. Qaşınmanın ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün şkalalardan istifadə olunur.
  • Laborator diaqnostika. Dəri qaşınmasının sistem xarakterini aşkarlamaq üçün qanda tireoid hormonlar, qlükoza, qaraciyər fermentləri, sidik cövhəri və kreatin yoxlanılır. Dəridə qabıqlanmanın mikroskopiyası, nəcisin qurd yumurtalarına görə müayinəsi, saçların ağır metal duzları və vitaminlərə görə spektral analizi aparılır. Virus hepatitlərinin, HİV-in markerləri yoxlanılır.
  • Oftalmoloji diaqnostika. Əsas müayinələrə gözün biomikroskopiyası, göz dibinin müayinəsi, tonometriya daxildir. Tamamlayıcı müayinə üsulu olaraq flüoressentlə instillyasion sınaq aparılır.
  • Allerqodiaqnostika. Allergiyanın aşkarlanma üsullarına- qanın (individual allergenlər, histamin, ümumi İgE) və dərinin atopik antigenlərinin (Pirke-testi, skarifikasion sınaqlar) aşkarlanması üçün allerqoloji sınaqlar aiddir.
  • Digər müayinə üsulları: Qaşınmanın daxili orqanların xəstəlikləri mənşəli olmasını inkar etmək üçün hepatobilar sistemin, böyrəklərin USM-i aparılır. Şübhəli hallarda dərinin biopsiyası göstərişdir.

Qaşınmanın müalicəsi

Dəridə qaşınmanın müalicəsi

Qaşınmanın müalicəsi səbəblər və yanaşı faktorlar nəzərə alınmaqla aparılır. Farmakoterapiya, yerli müalicə, fizioterapiya üsulları, psixoterapiya aparılır. Qaşınması olan pasiyent qidalanma və həyat tərzində dəyişikliklər etməlidir: şəkərli qidadan, sintetik və sərt geyimdən, dərini qurudan yuyucu vasitələrdən imtina etməlidir. Stress vəziyyətlərdən uzaqlaşmaq, dərini qaşımamağa çalışmaq, neytral nəmləndirici vasitələrdən istifadə məsləhətdir.

Qaşının birbaşa müalicəsi aşağıdakı komponentlərdən ibarətdir:

  • Yerli müalicə. Yerli qaşınmaəleyhinə vasitələrdən topik (yerli) steroidlər, sərinlədici losyonlar, yerli anestetiklər, antihistamin preparatlar, kalsinevrin inhibitorları təyin olunur. Bu qrup preparatlar krem, məhlul, pudra və ya məlhəmlər şəklində buraxılır.
  • Sistem farmakoterapiya. Etioloji faktorları nəzərə alaraq antihistaminlər, qlikokortikosteroidlər, vitaminlər, immunodepressantlar, göbələkəleyhinə preparatlar, bəzi hallarda isə anditepressantlar, opoid analgetiklər təyin olunur.
  • Fizioterapiya. Qaşınmanın müalicəsində fizioterapevtik müalicə üsullarından PUVA-terapiya, PUVA-vannaları, UBŞ, lazerlə terapiya, ultrafonofarez, elektroson və s. effektivdir. Müalicəvi bədən tərbiyəsi, akupunktura (iynəbatırma), ümumi sedativ təsirli vannalar (mirvari,iynəyarpaqlı, valerian).
  • Psixoterapiya. Psixoterapevtik müalicə üsulları (autogen məşqlər, qrup psixoterapiyası, koqnitiv-rəftar terapiyası) qaşınmanın verdiyi subyektiv narahatlıq hissini azaldır, qaşınmanı durdurmağa, yuxunu və həyat tərzini yüksəltməyə kömək edir.

Baş dərisinin qaşınmasının müalicəsi

Baş dərisinin qaşınması, adətən əsas xəstəlikdə remissiya əldə olunduqda itir. İstənilən halda saçlara qulluq üçün aptek kosmesevtik vasitələrindən- şampun, maskalar, yağlardan istifadə olunmalıdır. Kompleks müalicə tədbirlərinə həkim trixoloqun təyinatı ilə mezoterapiya, kriomasaj, darsonvalizasiya, baş dərisinin lazerlə müalicəsi daxildir. Seboreyalı dermatitdə kəpək zamanı antifunqal şampunlardan istifadə olunmalıdır. Pedikulyoz olan pasiyentlərdə başın dərisi xüsusi məhlul ilə işlənilir.

Gözlərdə qaşınmanın müalicəsi

Göz nahiyyəsindəki qaşınma, adətən spesifik xarakter daşıyır və əsasən yerli vasitələrlə müalicə olunur. Müalicə müddətində kosmetikadan istifadə olunmamalıdır, linzanı eynəklə əvəz etmək lazımdır. Qaşınmanın səbəblərini aradan qaldırmaq üçün təyin olunur:

  • göz damcılarının instillyasiyası: antihistamin, steroid, antibakterial, “süni gözyaşı” preparatları;
  • göz qapaqlarına məlhəm qoyulması;
  • konyunktivanın antiseptik və ya büzücü vasitələrlə sakitləşdirilməsi (konyunktivit zamanı);
  • göz qapaqlarının kiprikli hissəsinin işlənməsi (demodekoz, blefaritlər zamanı);
  • konyunktiva kisəsinin yuyulması (göz yanıqları, yad cisim zamanı);
  • fizioterapiya üsulları: UVÇ, maqnitoterapiya, maqnitoforez, lazerlə müalicə.

Ehtiyac olduqda cərrahi müdaxilə də mümkündür: göz qapağında irinin yarılması, konyunktiva və buynuz qişadan yad cismin çıxarılması, qlaukoma, kataraktanın fakoemulsifikasiyası və s.

error: Content is protected !!